Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

07 Aprel 2018
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226; 2017, № 12, maddə 2335) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin fərmanla təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının apelyasiya şuraları haqqında Nümunəvi Əsasnamə” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Həmin fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuraları haqqında Nümunəvi Əsasnamə” yeni redaksiyada verilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2018-ci il

 

Mərkəzi icra hakimiyyəti orqanlarının apelyasiya şuraları haqqında Nümunəvi Əsasnamə

 

1. Ümumi müddəalar

1.1. Mərkəzi icra hakimiyyəti orqanının Apelyasiya Şurası (bundan sonra - Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanı) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra - şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
1.2. Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.
1.4. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətləri üzrə mərkəzi icra hakimiyyəti orqanının qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin Apelyasiya Şurasına verdikləri yazılı müraciət başa düşülür.
1.5. Apelyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
1.6. Məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Apelyasiya Şurası baxır.
1.7. Mərkəzi icra hakimiyyəti orqanı rəhbərliyinin və aparatının vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apelyasiya Şurasına verilmiş şikayətlərə həmin orqanın Apelyasiya Şurasında baxılır.
1.8. Mərkəzi icra hakimiyyəti orqanının strukturuna daxil olan qurumların (yanında olan dövlət agentlikləri, xidmətləri, tabeliyində olan orqanlar, yerli bölmələri, o cümlədən mərkəzi icra hakimiyyəti orqanının və onun yanında olan dövlət xidmətlərinin və agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (o cümlədən ikili tabelikdə olan yerli qurumları)) və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apelyasiya Şurasına verilmiş şikayətlərə Apelyasiya Şurasında o halda baxılır ki, eyni məzmunlu şikayətə, ilkin olaraq, həmin qurumlara və vəzifəli şəxslərə münasibətdə mərkəzi icra hakimiyyəti orqanının sistemində hər hansı yuxarı orqan və ya yuxarı vəzifəli şəxs baxmış olsun.
1.9. Şikayətə aşağıdakı hallarda Apelyasiya Şurasında baxıla bilməz:
1.9.1. şikayət bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
1.9.2. şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);
1.9.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Apelyasiya Şurası və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası, mərkəzi icra hakimiyyəti orqanının ikili tabelikdə olan yerli qurumuna münasibətdə isə, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanının Apelyasiya Şurası tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;
1.9.4. şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
1.9.5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 72.2-ci, 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.

2. Apelyasiya Şurasının vəzifələri

2.0. Apelyasiya Şurasının vəzifələri aşağıdakılardır:
2.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiyə yazılı məktub göndərmək;
2.0.2. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti vəzifəli şəxslərini Apelyasiya Şurasının iclaslarına dəvət etmək;
2.0.3. Apelyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
2.0.4. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;
2.0.5. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
2.0.6. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;
2.0.7. Apelyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;
2.0.8. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3. Apelyasiya Şurasının hüquqları

3.0. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;
3.0.2. şikayət vermiş şəxslərin (onların səlahiyyətli nümayəndələrinin), mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti vəzifəli şəxslərinin, habelə digər əlaqəli şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;
3.0.3. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;
3.0.4. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı mərkəzi icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;
3.0.5. Apelyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;
3.0.6. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
3.0.7. Apelyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və buna nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
3.0.8. Apelyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;
3.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Apelyasiya Şurasının fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibi (sədri və digər altı üzvü) mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən edilir. Apelyasiya Şurasının sədri mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin müavinlərindən biri olmalıdır. Mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin müavini olmadıqda Apelyasiya Şurasının sədri vəzifəsinə mərkəzi icra hakimiyyəti orqanının aparatının rəhbəri təyin edilir.
4.2. Apelyasiya Şurasının sədri:
4.2.1. Apelyasiya Şurasının işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
4.2.2. Apelyasiya Şurasının adından çıxarılan qərarları, məktubları və Apelyasiya Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
4.2.3. Apelyasiya Şurasının digər üzvlərinin, habelə Apelyasiya Şurasının Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə təqdimatlar (təkliflər) verir;
4.2.4. Apelyasiya Şurasının iclaslarının gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;
4.2.5. Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;
4.2.6. Apelyasiya Şurasını təmsil edir.
4.3. Apelyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Apelyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;
4.3.2. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;
4.3.3. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;
4.3.4. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;
4.3.5. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar Apelyasiya Şurasının adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;
4.3.6. Apelyasiya Şurası iclasının protokolu ilə tanış olmaq və protokola qeydlər təklif etmək;
4.3.7. Apelyasiya Şurasının qərarı ilə razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;
4.3.8. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;
4.3.9. Apelyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;
4.3.10. icra intizamına ciddi əməl etmək;
4.3.11. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.
4.4. Apelyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apelyasiya Şurasının Katibliyi (bundan sonra - Katiblik) yaradılır. Katibliyin rəhbəri və tərkibi Apelyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən təsdiq olunur.
4.5. Apelyasiya Şurasının sədri və ya digər üzvü baxılan şikayətin əvvəllər Apelyasiya Şurasından kənar həllində bilavasitə iştirak etmiş olduqda və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Apelyasiya Şurasını bu barədə məlumatlandırmalı və həmin şikayətə baxılmasında iştirak etməməlidir.
4.6. Katiblik:
4.6.1. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;
4.6.2. Apelyasiya Şurasına daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 3 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanına müraciət edir;
4.6.3. bu Əsasnamənin 4.6.2-ci yarımbəndinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş sənədlərin (materialların) tamlığını yoxladıqdan sonra toplanmış sənədləri (materialları) Apelyasiya Şurasının sədrinə və rəy verilməsi üçün Şuranın digər üzvlərinə göndərir;
4.6.4. bu Əsasnamənin 4.8-ci bəndinə əsasən təqdim edilmiş rəyləri ümumiləşdirir və Apelyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apelyasiya Şurasının iclaslarını təşkil edir;
4.6.5. Apelyasiya Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Apelyasiya Şurasının üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış məlumat verir;
4.6.6. Apelyasiya Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Apelyasiya Şurasının sədrinə təqdim edir;
4.6.7. Apelyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) layihəsini hazırlayır, baxılması və imzalanması üçün Apelyasiya Şurasının sədrinə təqdim edir;
4.6.8. Apelyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin)
aidiyyəti üzrə göndərilməsini təmin edir;
4.6.9. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir və nəticəsi barədə Apelyasiya Şurasının sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;
4.6.10. Apelyasiya Şurasına daxil olan şikayətlər barədə zəruri məlumatları tələb olunan qaydada “Elektron hökumət” portalındakı “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edir, habelə Apelyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı mərkəzi icra hakimiyyəti orqanının rəsmi internet saytı vasitəsilə yayır;
4.6.11. Apelyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın mərkəzi icra hakimiyyəti orqanının rəsmi internet saytında yerləşdirilməsini və daim yenilənməsini təmin edir;
4.6.12. Apelyasiya Şurası sədrinin göstərişlərini icra edir;
4.6.13. Apelyasiya Şurasının protokollarının və qərarlarının əsllərini, habelə şikayətlərlə bağlı Apelyasiya Şurasına daxil olmuş və toplanmış sənədləri saxlayır;
4.6.14. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
4.7. Katibliyin rəhbəri və tərkibinə daxil olan şəxslər icra intizamına ciddi əməl etməlidirlər.
4.8. Bu Əsasnamənin 4.6.3-cü yarımbəndində nəzərdə tutulan rəylər 2 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilən rəylər əsaslandırılmalı, aydın və birmənalı şəkildə ifadə olunmalıdır.
4.9. Apelyasiya Şurasının iclası keçirilənədək bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulan hallardan biri müəyyən edildikdə, Apelyasiya Şurasında şikayətə mahiyyəti üzrə baxılmır və bu Əsasnamənin 5.7-ci və 5.8-ci bəndlərinə uyğun olaraq tədbirlər görülür.
4.10. Mərkəzi icra hakimiyyəti orqanının Apelyasiya Şurasının qərarları, digər hərəkət və hərəkətsizliyi barədə şikayət üzrə sənədlərin (materialların) Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının Katibliyinə təqdim edilməsinə dair yazılı və ya şifahi sorğu daxil olduqda, mərkəzi icra hakimiyyəti orqanının Apelyasiya Şurasının Katibliyi tələb olunan sənədləri, o cümlədən Apelyasiya Şurasında baxılmış şikayəti, Apelyasiya Şurasının qərarını, iclasının protokolunu, videoçəkilişini, üzvlərinin rəylərini, şikayət üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, mərkəzi icra hakimiyyəti orqanının və ya onun Apelyasiya Şurasının qərarından, digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilib-verilməməsi, cinayət təqibi, inzibati xətalara dair işlər üzrə icraatın olub-olmaması barədə məlumatları, digər sənədləri (materialları) elektron qaydada (skan edilmiş şəkildə) 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının Katibliyinə təqdim etməlidir. Bu sorğunun vaxtında yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.
4.11. Apelyasiya Şurasının sədri, digər üzvləri və (və ya) Katibliyinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının iclasına dəvət olunduqda iclasda iştirak etməlidirlər.
4.12. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının qərarı daxil olduqda, həmin qərarın bir ay müddətində (bu qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra edilməsi, yol verilmiş qanun pozuntularının aradan qaldırılması, o cümlədən qanunsuz qərarların ləğv edilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması Apelyasiya Şurası və mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təmin edilməli, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına və şikayətçiyə məktub göndərilməlidir.

5. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı (o cümlədən elektron) formada tərtib edilir. Şikayətdə aşağıdakı məlumatlar göstərilir:
5.1.1. ünvanlandığı qurumun - Apelyasiya Şurasının adı;
5.1.2. şikayətçinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);
5.1.3. şikayətçinin VÖEN-i;
5.1.4. şikayətin məzmunu və şikayətçinin tələbi (tələbləri);
5.1.5. şikayətin predmeti üzrə bundan əvvəl mərkəzi icra hakimiyyəti orqanına edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;
5.1.6. icraatı təzələmək üçün təkrar şikayətlə müraciət etmək imkanı verən əsaslar;
5.1.7. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.
5.2. Bu Əsasnamənin 5.1.3-cü və 5.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş tələblər dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə şamil edilmir.
5.3. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin əsli və ya surəti şikayətə əlavə edilməklə) imzalanır.
5.4. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq nümayəndəlik, filial və ya idarənin möhürü vurulur.
5.5. Şikayətlərin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri şikayətlərə əlavə edilir.
5.6. Şikayət bu Əsasnamənin 5.1-ci, 5.3-5.5-ci bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, şikayət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5.8-ci bəndinə uyğun olaraq tədbir görülür. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi şikayətçidən asılı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədlər (məlumatlar) Apelyasiya Şurası tərəfindən əldə olunur.
5.7. Apelyasiya Şurasına daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda (o cümlədən bu Əsasnamənin 1.9.2-ci yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada baxılması üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə şikayətçiyə yazılı məlumat verilir.
5.8. Apelyasiya Şurasında mahiyyəti üzrə baxılmış şikayət üzrə şikayətçiyə qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciət üzrə isə müraciət etmiş şəxsə əsaslandırılmış cavab göndərilir.
5.9. Apelyasiya Şurasına şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə verilə bilər. Bu müddətlər üzrlü səbəbdən buraxıldıqda (şikayətçinin xəstəliyi, ölkənin hüdudlarından kənarda olması və s.) şikayətçinin vəsatətinə əsasən Apelyasiya Şurasının sədri tərəfindən bərpa edilir.
5.10. Apelyasiya Şurası daxil olmuş şikayətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına sorğular verə bilər. Məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Apelyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

6. Apelyasiya Şurasının iclasının keçirilməsi qaydası

6.1. Apelyasiya Şurasının iclası onun üzvlərinin azı üçdəikisi iştirak etdikdə baş tutmuş sayılır.
6.2. Apelyasiya Şurasının iclası şikayət baxılmaq üçün hazır olduqda, habelə Apelyasiya Şurası sədrinin və ya digər üzvünün təşəbbüsü ilə keçirilir.
6.3. Apelyasiya Şurasının hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Apelyasiya Şurasının sədri tərəfindən müəyyənləşdirilir.
6.4. Şikayətçilər (onların səlahiyyətli nümayəndələri) Apelyasiya Şurasının iclasında iştirak etmək hüququna malikdirlər. Apelyasiya Şurasının iclasına dəvət olunmuş mərkəzi icra hakimiyyəti orqanının, onun strukturuna daxil olan müvafiq qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların aidiyyəti vəzifəli şəxsləri, ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər. Bu bənddə göstərilmiş şəxslərin iclasa gəlməməsi şikayətə baxılmasına və müvafiq qərarın qəbul edilməsinə mane olmur.
6.5. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı toplanmış dəlillər Apelyasiya Şurasının üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.
6.6. Apelyasiya Şurasının iclasında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apelyasiya Şurası sədrinin səsi həlledici sayılır. Şuranın sədri axırıncı səs verir.
6.7. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Apelyasiya Şurasının sədri, digər üzvlərindən biri və ya Katibliyinin rəhbəri məruzə edir.
6.8. Apelyasiya Şurasının iclasında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) Katibliyə təqdim edilməlidir.
6.9. Apelyasiya Şurasının iclasına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.
6.10. Apelyasiya Şurasının qərarları barədə məlumat Katiblik tərəfindən mərkəzi icra hakimiyyəti orqanının rəsmi internet saytı vasitəsilə yayılır, habelə tələb olunan formada “Elektron hökumət” portalındakı “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edilir.
6.11. Apelyasiya Şurasının iclasının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin videoçəkilişi həyata keçirilir və ən azı bir il müddətində saxlanılır.
6.12. Apelyasiya Şurasının sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Apelyasiya Şurasının iclaslarında iştirak edə bilmədikdə, Apelyasiya Şurası sədrinin səlahiyyətləri mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müavinlərindən birinə, müavin olmadıqda isə mərkəzi icra hakimiyyəti orqanı aparatının rəhbərinə həvalə edilir.
6.13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində nəzərdə tutulmuş hallarda şikayətçi iş üzrə qərar qəbul olunanadək Apelyasiya Şurasının hər hansı üzvünə, ekspertə və ya mütəxəssisə etiraz edə bilər.
6.14. Etiraz barədə ərizə yazılı formada verilməli və əsaslandırılmalıdır. Apelyasiya Şurasının üzvünə etiraz barədə ərizəyə həmin üzvün iştirakı olmadan baxılır, sadə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və nəticəsi barədə şikayətçiyə məlumat verilir.
6.15. Şikayət üzrə toplanmış sənədlərin (materialların) ilkin müzakirəsi üçün Apelyasiya Şurası üzvlərinin iştirakı ilə hazırlıq iclasları keçirilə bilər.

7. Apelyasiya Şurasının iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

7.1. Apelyasiya Şurasının iclasının nəticəsi Apelyasiya Şurasının sədri və Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
7.2. Apelyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:
7.2.1. iclasın keçirildiyi tarix və yer;
7.2.2. iclasa sədrlik edən və iclasda iştirak edən Apelyasiya Şurası üzvlərinin, Katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və ata adları;
7.2.3. gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları;
7.2.4. gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;
7.2.5. Apelyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;
7.2.6. Apelyasiya Şurasının daxil olmuş şikayətlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;
7.2.7. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Apelyasiya Şurası tərəfindən qəbul edilmiş qərar.
7.3. Apelyasiya Şurası mərkəzi icra hakimiyyəti orqanının qərarı, digər hərəkət və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
7.3.1. qərar dəyişdirilmədən saxlanılsın;
7.3.2. qərar tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin;
7.3.3. qərar dəyişdirilsin;
7.3.4. şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilibsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkətin edilməsi vəzifəsi mərkəzi icra hakimiyyəti orqanının üzərinə qoyulmaqla);
7.3.5. şikayət üzrə icraata xitam verilsin.
7.4. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulmuş qərar qəbul edilərkən şikayətin məzmunundan və işin hallarından asılı olaraq qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:
7.4.1. şikayətin təmin edilməsi;
7.4.2. şikayətin qismən təmin edilməsi;
7.4.3. şikayətin təmin edilməməsi;
7.4.4. şikayətin aidiyyəti dövlət orqanına və ya qurumuna baxılması və nəticəsi barədə Apelyasiya Şurasına və şikayətçiyə məlumat verilməsi üçün göndərilməsi.
7.5. Şikayət bu Əsasnamənin 1.7-ci və 1.8-ci bəndləri ilə müəyyən edilmiş qaydada daxil olduqda, Apelyasiya Şurasının qəbul etdiyi qərarda şikayətin araşdırılması vəzifəsinin mərkəzi icra hakimiyyəti orqanının, onun struktur bölməsinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların üzərinə qoyulması qadağandır.
7.6. Müvafiq xüsusiyyətlər nəzərə alınmaqla, bu Əsasnamənin 7.3-7.5-ci bəndləri Apelyasiya Şurasında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilmiş şikayətlərə baxılmasına da şamil edilir.
7.7. Apelyasiya Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarətdir və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:
7.7.1. giriş hissəsində Apelyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, bu Əsasnamənin 7.2.2-ci yarımbəndində olan məlumatlar, şikayətin predmeti və irəli sürülən tələblər;
7.7.2. təsviri hissədə şikayət edən şəxsin təqdim etdiyi dəlillər, şikayətin predmeti üzrə əvvəllər qəbul edilmiş qərarlar (edilmiş digər hərəkət və ya hərəkətsizliklər) və onların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;
7.7.3. əsaslandırıcı hissədə Apelyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;
7.7.4. nəticə hissəsində Apelyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası.
7.8. Şikayətçi Apelyasiya Şurasının qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına şikayət verə bilər.
7.9. Apelyasiya Şurasının qərarının əslinin şikayətçiyə göndərilməsi və ya rəsmi təqdim edilməsi, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına göndərilməsi məcburidir. Apelyasiya Şurasının qərarlarının və məktublarının aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.
7.10. Apelyasiya Şurasının qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur.
7.11. Apelyasiya Şurasının iclası zamanı bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulan hallardan biri müəyyən edilərsə, Apelyasiya Şurası şikayət üzrə icraata xitam verilməsinə dair qərar qəbul edir.
7.12. Apelyasiya Şurasının qərarı mərkəzi icra hakimiyyəti orqanının struktur bölməsinə, strukturuna daxil olan müvafiq quruma və ya strukturuna daxil olmayan tabeliyindəki digər quruma daxil olduqdan sonra həmin bölmə və ya qurum tərəfindən bir ay müddətində (qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra olunmalı və nəticəsi barədə Apelyasiya Şurasına və şikayətçiyə rəsmi məlumat verilməlidir.
7.13. Mərkəzi icra hakimiyyəti orqanı, onun struktur bölməsi, strukturuna daxil olan müvafiq qurum və ya strukturuna daxil olmayan tabeliyindəki digər qurum bu Əsasnamənin 7.12-ci bəndində nəzərdə tutulmuş müddətdə Apelyasiya Şurasının qərarını yerinə yetirməzsə və ya natamam yerinə yetirərsə, yaxud Apelyasiya Şurasına və şikayətçiyə zəruri məlumat və təsdiqedici sənədlər təqdim etməzsə və ya natamam təqdim edərsə, bu hal bu Əsasnamənin və icra intizamının pozuntusu kimi qiymətləndirilir.”.

 

Yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuraları haqqında Nümunəvi Əsasnamə

 

1. Ümumi müddəalar

1.1. Yerli icra hakimiyyəti orqanının Apelyasiya Şurası (bundan sonra - Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumların, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslərin, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli qurumlarının (bundan sonra - yerli icra hakimiyyəti orqanı) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə (bundan sonra - şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
1.2. Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətləri üzrə yerli icra hakimiyyəti orqanının qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Apelyasiya Şurasına verdikləri yazılı müraciət başa düşülür.
1.4. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.
1.5. Apelyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.
1.6. Yerli icra hakimiyyəti başçısının, onun müavinlərinin, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparatın vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apelyasiya Şurasına verilmiş şikayətlərə həmin orqanın Apelyasiya Şurasında baxılır.
1.7. Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumların, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslərin, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli qurumlarının vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apelyasiya Şurasına verilmiş şikayətlərə Apelyasiya Şurasında o halda baxılır ki, eyni məzmunlu şikayətə, ilkin olaraq, həmin qurumlara və vəzifəli şəxslərə münasibətdə yerli icra hakimiyyəti orqanının sistemində hər hansı yuxarı orqan və ya yuxarı vəzifəli şəxs baxmış olsun.
1.8. Rayon bölgüsü olan şəhərlərdə, həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabe olan (ikili tabelikdə olan) struktur bölmələrin vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verilmiş ilkin şikayətə sahibkarın öz seçimi ilə müraciət etdiyi şəhər icra hakimiyyəti orqanında və ya müvafiq şəhər rayonunun icra hakimiyyəti orqanında, növbəti şikayətə isə ilkin şikayətə baxmış orqanın Apelyasiya Şurasında baxılmalıdır. Bunun üçün növbəti şikayət həmin orqanın Apelyasiya Şurasına ünvanlanmalıdır.
1.9. Şikayətə aşağıdakı hallarda Apelyasiya Şurasında baxıla bilməz:
1.9.1. şikayət bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
1.9.2. şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);
1.9.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Apelyasiya Şurası və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası, mərkəzi icra hakimiyyəti orqanının ikili tabelikdə olan yerli qurumuna münasibətdə isə həmçinin müvafiq mərkəzi icra hakimiyyəti orqanının Apelyasiya Şurası tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;
1.9.4. şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
1.9.5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 72.2-ci, 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.

2. Apelyasiya Şurasının vəzifələri

2.0. Apelyasiya Şurasının vəzifələri aşağıdakılardan ibarətdir:
2.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiyə yazılı məktub göndərmək;
2.0.2. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və yerli icra hakimiyyəti orqanının aidiyyəti vəzifəli şəxslərini Apelyasiya Şurasının iclaslarına dəvət etmək;
2.0.3. Apelyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
2.0.4. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) yerli icra hakimiyyəti orqanının başçısına və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;
2.0.5. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
2.0.6. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;
2.0.7. Apelyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;
2.0.8. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3. Apelyasiya Şurasının hüquqları

3.0. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;
3.0.2. şikayət vermiş şəxslərin (onların səlahiyyətli nümayəndələrinin), yerli icra hakimiyyəti orqanının aidiyyəti vəzifəli şəxslərinin, habelə digər əlaqəli şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;
3.0.3. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı yerli icra hakimiyyəti orqanının vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;
3.0.4. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların pozulması halları aşkar edildikdə həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;
3.0.5. Apelyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;
3.0.6. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
3.0.7. Apelyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və buna nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
3.0.8. Apelyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;
3.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Apelyasiya Şurasının fəaliyyətinin təşkili

4.1. Apelyasiya Şurasının tərkibi (sədri və digər altı üzvü) yerli icra hakimiyyəti orqanının rəhbəri tərəfindən təsdiq edilir. Apelyasiya Şurasının sədri yerli icra hakimiyyəti orqanının başçısının müavinlərindən biri olmalıdır.
4.2. Apelyasiya Şurasının sədri:
4.2.1. Apelyasiya Şurasının işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
4.2.2. Apelyasiya Şurasının adından çıxarılan qərarları, məktubları və Apelyasiya Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
4.2.3. Apelyasiya Şurasının digər üzvlərinin, habelə Apelyasiya Şurasının Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanının rəhbərinə təqdimatlar (təkliflər) verir;
4.2.4. Apelyasiya Şurasının iclaslarının gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;
4.2.5. Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;
4.2.6. Apelyasiya Şurasını təmsil edir.
4.3. Apelyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Apelyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;
4.3.2. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;
4.3.3. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;
4.3.4. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;
4.3.5. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar Apelyasiya Şurasının adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;
4.3.6. Apelyasiya Şurası iclasının protokolu ilə tanış olmaq və protokola qeydlər təklif etmək;
4.3.7. Apelyasiya Şurasının qərarı ilə razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;
4.3.8. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;
4.3.9. Apelyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;
4.3.10. icra intizamına ciddi əməl etmək;
4.3.11. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.
4.4. Apelyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apelyasiya Şurasının Katibliyi (bundan sonra - Katiblik) yaradılır. Katibliyin rəhbəri və tərkibi Apelyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında yerli icra hakimiyyəti orqanının başçısı tərəfindən təsdiq olunur.
4.5. Apelyasiya Şurasının sədri və ya digər üzvü baxılan şikayətin əvvəllər Apelyasiya Şurasından kənar həllində bilavasitə iştirak etmiş olduqda və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Apelyasiya Şurasını bu barədə məlumatlandırmalı və həmin şikayətə baxılmasında iştirak etməməlidir.
4.6. Katiblik:
4.6.1. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;
4.6.2. Apelyasiya Şurasına daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 3 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün yerli icra hakimiyyəti orqanına müraciət edir;
4.6.3. bu Əsasnamənin 4.6.2-ci yarımbəndinə müvafiq olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş sənədlərin (materialların) tamlığını və zəruriliyini yoxladıqdan sonra toplanmış sənədləri (materialları) Apelyasiya Şurasının sədrinə və rəy verilməsi üçün Şuranın digər üzvlərinə göndərir;
4.6.4. bu Əsasnamənin 4.8-ci bəndinə əsasən təqdim edilmiş rəyləri ümumiləşdirir və Apelyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apelyasiya Şurasının iclaslarını təşkil edir;
4.6.5. Apelyasiya Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Apelyasiya Şurasının üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış məlumat verir;
4.6.6. Apelyasiya Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Apelyasiya Şurasının sədrinə təqdim edir;
4.6.7. Apelyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) layihəsini hazırlayır, baxılması və imzalanması üçün Apelyasiya Şurasının sədrinə təqdim edir;
4.6.8. Apelyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə göndərilməsini təmin edir;
4.6.9. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir və nəticəsi barədə Apelyasiya Şurasının sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;
4.6.10. Apelyasiya Şurasına daxil olan şikayətlər barədə zəruri məlumatları tələb olunan qaydada “Elektron hökumət” portalındakı “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edir, habelə Apelyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı yerli icra hakimiyyəti orqanının rəsmi internet saytı vasitəsilə yayır;
4.6.11. Apelyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın yerli icra hakimiyyəti orqanının rəsmi internet saytında yerləşdirilməsini və daim yenilənməsini təmin edir;
4.6.12. Apelyasiya Şurası sədrinin göstərişlərini icra edir;
4.6.13. Apelyasiya Şurasının protokollarının və qərarlarının əsllərini, habelə şikayətlərlə bağlı Apelyasiya Şurasına daxil olmuş və toplanmış sənədləri saxlayır;
4.6.14. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
4.7. Katibliyin rəhbəri və tərkibinə daxil olan şəxslər icra intizamına ciddi əməl etməlidirlər.
4.8. Bu Əsasnamənin 4.6.3-cü yarımbəndində nəzərdə tutulan rəylər 2 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilən rəylər əsaslandırılmalı, aydın və birmənalı şəkildə ifadə olunmalıdır.
4.9. Şikayət üzrə inzibati icraat başladığı vaxtdan Apelyasiya Şurasının iclası keçirilənədək bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulan hallardan birinin olması müəyyən edilərsə, Apelyasiya Şurasında şikayətə mahiyyəti üzrə baxılmır.
4.10. Apelyasiya Şurasının iclası keçirilənədək bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulan hallardan biri müəyyən edildikdə Apelyasiya Şurasında şikayətə mahiyyəti üzrə baxılmır və bu Əsasnamənin 5.6-cı və 5.7-ci bəndlərinə uyğun olaraq tədbirlər görülür.
4.11. Yerli icra hakimiyyəti orqanının Apelyasiya Şurasının qərarları, digər hərəkət və hərəkətsizliyi barədə şikayət üzrə sənədlərin (materialların) Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının Katibliyinə təqdim edilməsinə dair yazılı və ya şifahi sorğu daxil olduqda yerli icra hakimiyyəti orqanının Apelyasiya Şurasının Katibliyi tələb olunan sənədləri, o cümlədən Apelyasiya Şurasında baxılmış şikayəti, Apelyasiya Şurasının qərarını, iclasının protokolunu, videoçəkilişini, üzvlərinin rəylərini, şikayət üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, yerli icra hakimiyyəti orqanının və ya onun Apelyasiya Şurasının qərarından, digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilib-verilməməsi, cinayət təqibi, inzibati xətalara dair işlər üzrə icraatın olub-olmaması barədə məlumatları, digər sənədləri (materialları) elektron qaydada (skan edilmiş şəkildə) 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının Katibliyinə təqdim etməlidir. Bu sorğunun vaxtında yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.
4.12. Apelyasiya Şurasının sədri, digər üzvləri və (və ya) Katibliyinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının iclasına dəvət olunduqda iclasda iştirak etməlidirlər.
4.13. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının qərarı daxil olduqda həmin qərarın bir ay müddətində (bu qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra edilməsi, yol verilmiş qanun pozuntularının aradan qaldırılması, o cümlədən qanunsuz qərarların ləğv edilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması Apelyasiya Şurası və yerli icra hakimiyyəti orqanı tərəfindən təmin edilməli, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına və şikayətçiyə məktub göndərilməlidir.

5. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı (o cümlədən elektron) formada tərtib edilir. Şikayətdə aşağıdakı məlumatlar göstərilir:
5.1.1. ünvanlandığı qurumun - Apelyasiya Şurasının adı;
5.1.2. şikayətçinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);
5.1.3. şikayətçinin VÖEN-i;
5.1.4. şikayətin məzmunu və şikayətçinin tələbi (tələbləri);
5.1.5. şikayətin predmeti üzrə bundan əvvəl yerli icra hakimiyyəti orqanına edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;
5.1.6. icraatı təzələmək üçün təkrar şikayətlə müraciət etmək imkanı verən əsaslar;
5.1.7. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.
5.2. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin əsli və ya surəti şikayətə əlavə edilməklə) imzalanır.
5.3. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq nümayəndəlik, filial və ya idarənin möhürü vurulur.
5.4. Şikayətin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri şikayətə əlavə edilir.
5.5. Şikayət bu Əsasnamənin 5.1-ci, 5.3-5.5-ci bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə şikayət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5.7-ci bəndinə uyğun olaraq tədbir görülür. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi şikayətçidən asılı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədlər (məlumatlar) Apelyasiya Şurası tərəfindən əldə olunur.
5.6. Apelyasiya Şurasına daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda (o cümlədən bu Əsasnamənin 1.9.2-ci yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada baxılması üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə şikayətçiyə yazılı məlumat verilir.
5.7. Apelyasiya Şurasında mahiyyəti üzrə baxılmış şikayət üzrə şikayətçiyə qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciət üzrə isə müraciət etmiş şəxsə əsaslandırılmış cavab göndərilir.
5.8. Apelyasiya Şurasına şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə verilə bilər. Bu müddətlər üzrlü səbəbdən buraxıldıqda (şikayətçinin xəstəliyi, ölkənin hüdudlarından kənarda olması və s.) şikayətçinin vəsatətinə əsasən Apelyasiya Şurasının sədri tərəfindən bərpa edilir.
5.9. Apelyasiya Şurası daxil olmuş şikayətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına sorğular verə bilər. Məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Apelyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

6. Apelyasiya Şurasının iclasının keçirilməsi qaydası

6.1. Apelyasiya Şurasının iclası onun üzvlərinin azı üçdəikisi iştirak etdikdə baş tutmuş sayılır.
6.2. Apelyasiya Şurasının iclası şikayət baxılmaq üçün hazır olduqda habelə Apelyasiya Şurası sədrinin və ya digər üzvünün təşəbbüsü ilə keçirilir.
6.3. Apelyasiya Şurasının hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Apelyasiya Şurasının sədri tərəfindən müəyyənləşdirilir.
6.4. Şikayətçilər (onların səlahiyyətli nümayəndələri) Apelyasiya Şurasının iclasında iştirak etmək hüququna malikdirlər. Apelyasiya Şurasının iclasına dəvət olunmuş yerli icra hakimiyyəti orqanının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan qurumların, tabeliyində olan hüquqi şəxslərin, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli qurumlarının aidiyyəti vəzifəli şəxsləri, ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər. Bu bənddə göstərilmiş şəxslərin iclasa gəlməməsi şikayətə baxılmasına və müvafiq qərarın qəbul edilməsinə mane olmur.
6.5. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı toplanmış dəlillər Apelyasiya Şurasının üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.
6.6. Apelyasiya Şurasının iclasında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Apelyasiya Şurası sədrinin səsi həlledici sayılır. Şuranın sədri axırıncı səs verir.
6.7. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Apelyasiya Şurasının sədri, digər üzvlərindən biri və ya Katibliyinin rəhbəri məruzə edir.
6.8. Apelyasiya Şurasının iclasında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) Katibliyə təqdim edilməlidir.
6.9. Apelyasiya Şurasının iclasına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.
6.10. Apelyasiya Şurasının qərarları barədə məlumat Katiblik tərəfindən yerli icra hakimiyyəti orqanının rəsmi internet saytı vasitəsilə yayılır, habelə tələb olunan formada “Elektron Hökumət” portalındakı “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edilir.
6.11. Apelyasiya Şurasının iclasının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin videoçəkilişi həyata keçirilir və ən azı bir il müddətində saxlanılır.
6.12. Apelyasiya Şurasının sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Apelyasiya Şurasının iclaslarında uzun müddət iştirak edə bilmədikdə, Apelyasiya Şurası sədrinin səlahiyyətləri yerli icra hakimiyyəti orqanının başçısı tərəfindən müavinlərindən birinə həvalə edilir.
6.13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində nəzərdə tutulmuş hallarda şikayətçi iş üzrə qərar qəbul olunanadək Apelyasiya Şurasının hər hansı üzvünə, ekspertə və ya mütəxəssisə etiraz edə bilər.
6.14. Etiraz barədə ərizə yazılı formada verilməli və əsaslandırılmalıdır. Apelyasiya Şurasının üzvünə etiraz barədə ərizəyə həmin üzvün iştirakı olmadan baxılır, sadə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və nəticəsi barədə şikayətçiyə məlumat verilir.
6.15. Şikayət üzrə toplanmış sənədlərin (materialların) ilkin müzakirəsi üçün Apelyasiya Şurası üzvlərinin iştirakı ilə hazırlıq iclasları keçirilə bilər.

7. Apelyasiya Şurasının iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

7.1. Apelyasiya Şurasının iclasının nəticəsi Apelyasiya Şurasının sədri və Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
7.2. Apelyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:
7.2.1. iclasın keçirildiyi tarix və yer;
7.2.2. iclasa sədrlik edən və iclasda iştirak edən Apelyasiya Şurası üzvlərinin, Katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və ata adları;
7.2.3. gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları;
7.2.4. gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;
7.2.5. Apelyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;
7.2.6. Apelyasiya Şurasının daxil olmuş şikayətlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;
7.2.7. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Apelyasiya Şurası tərəfindən qəbul edilmiş qərar.
7.3. Apelyasiya Şurası yerli icra hakimiyyəti orqanının qərarı, digər hərəkəti və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
7.3.1. qərar dəyişdirilmədən saxlanılsın;
7.3.2. qərar tamamilə və ya qismən ləğv edilərək yeni qərar qəbul edilsin;
7.3.3. qərar dəyişdirilsin;
7.3.4. şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilibsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkətin edilməsi vəzifəsi yerli icra hakimiyyəti orqanının üzərinə qoyulmaqla);
7.3.5. şikayət üzrə icraata xitam verilsin.
7.4. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulmuş qərar qəbul edilərkən şikayətin məzmunundan və işin hallarından asılı olaraq qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:
7.4.1. şikayətin təmin edilməsi;
7.4.2. şikayətin qismən təmin edilməsi;
7.4.3. şikayətin təmin edilməməsi;
7.4.4. şikayətin aidiyyəti dövlət orqanına və ya qurumuna baxılması və nəticəsi barədə Apelyasiya Şurasına və şikayətçiyə məlumat verilməsi üçün göndərilməsi.
7.5. Şikayət bu Əsasnamənin 1.6-1.8-ci bəndləri ilə müəyyən edilmiş qaydada daxil olduqda Apelyasiya Şurasının qəbul etdiyi qərarda şikayətin araşdırılması vəzifəsinin yerli icra hakimiyyəti orqanının, onun struktur bölməsinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumların, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslərin, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli qurumlarının üzərinə qoyulması qadağandır.
7.6. Apelyasiya Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarətdir və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:
7.6.1. giriş hissəsində Apelyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, bu Əsasnamənin 7.2.2-ci yarımbəndində olan məlumatlar, şikayətin predmeti və irəli sürülən tələblər;
7.6.2. təsviri hissədə şikayət edən şəxsin təqdim etdiyi dəlillər, şikayətin predmeti üzrə əvvəllər qəbul edilmiş qərarlar (edilmiş digər hərəkət və ya hərəkətsizliklər) və onların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;
7.6.3. əsaslandırıcı hissədə Apelyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;
7.6.4. nəticə hissəsində Apelyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası.
7.7. Şikayətçi Apelyasiya Şurasının qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına şikayət verə bilər.
7.8. Apelyasiya Şurasının qərarının əslinin şikayətçiyə göndərilməsi və ya rəsmi təqdim edilməsi, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına göndərilməsi məcburidir. Apelyasiya Şurasının qərarlarının və məktublarının aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.
7.9. Apelyasiya Şurasının qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur.
7.10. Apelyasiya Şurasının iclası zamanı bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulan hallardan biri müəyyən edilərsə, Apelyasiya Şurası şikayət üzrə icraata xitam verilməsinə dair qərar qəbul edir.
7.11. Apelyasiya Şurasının qərarı yerli icra hakimiyyəti orqanının struktur bölməsinə, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumlara, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslərə, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli qurumlarına daxil olduqdan sonra həmin bölmə, nümayəndəlik, qurum və ya hüquqi şəxslər tərəfindən bir ay müddətində (qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra olunmalı və nəticəsi barədə Apelyasiya Şurasına və şikayətçiyə rəsmi məlumat verilməlidir.
7.12. Yerli icra hakimiyyəti orqanı, onun struktur bölməsi, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumları, tabeliyində olan dövlətə məxsus hüquqi şəxsləri, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli qurumları bu Əsasnamənin 7.11-ci bəndində nəzərdə tutulmuş müddətdə Apelyasiya Şurasının qərarını yerinə yetirməzsə və ya natamam yerinə yetirərsə, yaxud Apelyasiya Şurasına və şikayətçiyə zəruri məlumat və təsdiqedici sənədlər təqdim etməzsə və ya natamam təqdim edərsə, bu hal bu Əsasnamənin və icra intizamının pozuntusu kimi qiymətləndirilir.”.