Azərbaycan Türkiyədə beynəlxalq turizm sərgisində təmsil olunur

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Türkiyədə beynəlxalq turizm sərgisində təmsil olunur

06 Aprel 2018
Azərbaycan Antalyada keçirilən beynəlxalq “Hestourex” (Səhiyyə, idman və alternativ turizm) sərgisinə qatılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə ölkəmizi Türkiyənin Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi - “Gilan Turizm” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı tibb ocaqları – Mərkəzi Gömrük Hospitalı, Diaqnostika Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və digər müəssisələrin həkimləri, turizm agentliklərinin nümayəndələri, o cümlədən jurnalistlər təmsil edir.

Antalyanın Ekspo Mərkəzində təşkil olunan təntənəli açılış mərasimində Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının (THTC) rəhbəri Emin Çaxmaq çıxış edərək beynəlxalq tədbirin əhəmiyyətinə toxunub. O bildirib ki, sərginin məqsədi Türkiyənin sağlamlıq turizmi baxımından inkişafını göstərmək, ölkənin tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etmək, səhiyyə sahəsində təcrübə və fikir mübadiləsi aparmaq, ən müasir tibbi avadanlıq və alternativ müalicə metodlarını araşdırmaq və mütəxəssislərin qarşılıqlı fikir mübadiləsini təmin etməkdən ibarətdir. Onun sözlərinə görə, Türkiyə Prezidentinin təşəbbüsü və himayəsi altında keçirilən beynəlxalq sərgiyə 165 ölkənin təmsilçisi qatılıb.

Mərasimdə Antalya valisi Münir Karaloğlu, Antalyanın bələdiyyə rəhbəri Menderes Türel, Türkiyə Böyük Millət Məclisinin üzvü Gökcen Özdoğan Enç və başqaları çıxış edərək sərginin səhiyyə, idman və alternativ turizmin inkişafına verəcəyi töhfələrdən söz açıblar.

Qeyd olunub ki, sərgi 2018-ci ildə bu bölgədə turizm sahəsində öz hədəflərini reallaşdıracaq. Bunun da nəticəsi olaraq 2019-cu ildə Türkiyəyə 40 milyon, Antalyaya isə 12 milyon turistin gəlməsi gözlənilir.

THTC-nin Bakıdakı şəbəkə ofisinin direktoru, “Gilan Turizm”in təmsilçisi Fərid Məcidov jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi dünyanın 80-dən çox ölkəsindən, o cümlədən, Azərbaycandan Türkiyə tibb ocaqlarına sağlamlıq turizmi üçün insanları cəlb etməkdir: “Bu sərgi ikinci dəfədir təşkil olunur. Ötən il də biz Azərbaycanın aparıcı tibb müəssisələri mütəxəssislərinin sərgidə iştirakını təmin etdik. Bir neçə gün davam edən sərgidə onlar klinika təmsilçiləri, otel nümayəndələri, alternativ turizm kompleksinə aid olan şəxslərlə təkbətək görüşlər keçirir, gələcək əməkdaşlığın təməlini qoyurlar. Keçənilki görüşlərin nəticəsi artıq mövcuddur. Azərbaycanda da tibbin bütün sahələri inkişaf etməkdədir. Buna baxmayaraq, qarşılıqlı əməkdaşlığa, təcrübə mübadiləsinə hər zaman ehtiyac var. Bundan sonra da Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi - “Gilan Turizm” şirkəti olaraq “Hestourex” sərgisinin iki qardaş ölkəyə - Türkiyə və Azərbaycana faydalı olması üçün öz töhfəmizi verməyə çalışacağıq”.

Qeyd edək ki, sağlamlıq turizmi sahəsində analoqu olmayan tədbirdə, eyni zamanda, sığortaçıların, turizm məhsulları üzrə mütəxəssislərin, hotel təmsilçilərinin iştirakı ilə panellər təşkil olunub, seminarlar, ustad dərsləri, azərbaycanlı tibb nümayəndələrinin iştirakı ilə B2B formatında səmərəli görüşlər keçirilib.