Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şuşa sakinlərinin 18,7 min nəfəri tibbi müayinə edilib

06 Aprel 2018
 

Şuşa Rayon Mərkəzi Xəstəxanasında fevralın 12-dən başlanılan ölkə vətəndaşlarının tibbi müayinəsi tədbirləri aparılır. İndiyədək rayonun idarə və müəssisələri, mədəniyyət, təhsil, idman sahələrində çalışanlar, tələbələr, istehsalat kollektivləri və sakinlər tibbi müayinələrə cəlb olunublar.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq rayon icra hakimiyyəti aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradıb, kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Ölkəmizin 57 bölgəsində məskunlaşan rayon əhalisi arasında təşkilati-izahat işləri davam etdirilir və pulsuz tibbi müayinələrin gedişi nəzarətdə saxlanılır.

Aprelin 1-dək rayonda 18 yaşdan olan 24 min əhalidən 18,7 min nəfəri tibbi müayinələrdən keçib. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanan 784 nəfər ambulator, 72 nəfər stasionar, 63 nəfər ixtisaslaşmış tibb müəssisələrinə müalicəyə göndərilib.

Səyyar həkim briqadaları məcburi köçkün əhalinin məskunlaşdığı Bərdə, Mirzələr qış yatağı, Şəki, İsmayıllı rayonlarında tibbi müayinə tədbirləri aparıb və ehtiyacı olanlara pulsuz dərmanlar və sarğı materialları paylanılıb.

Rayonun Quşçular, Malıbəyli və Xanalılar kənd həkim məntəqələri də əhalinin tibbi müayinəsini uğurla davam etdirir.