Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Zərifə Əliyevanın həyat yolu Azərbaycan gəncliyi üçün əsl nümunədir

06 Aprel 2018
Aprelin 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş “Səhiyyədə müasir nailiyyətlər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mərkəzin baş həkimi, terapevt, dosent Könül Xəlilova akademik Zərifə xanım Əliyevanın elmi nailiyyətləri, onun peşəkar həkim, fəal ictimai xadim olması barədə danışıb: “Zərifə xanım Əliyeva həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı həm də nümunəvi bir həyat yolu keçib”.

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi mühüm töhfələrdən danışan baş həkim bildirib: “Zərifə xanım dəyərli elmi əsərlərin müəllifi olmaqla bərabər, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində də böyük xidmətlər göstərib. Ötən əsrin 30-40-cı illərində Azərbaycanda tüğyan edən traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı. Akademikin bütün diqqəti digər göz problemləri ilə yanaşı, həm də bu xəstəliklə mübarizəyə yönəlmişdi. O, Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirirdi. Zərifə xanım ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı oldu və kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi. Traxomanın ləğvi istiqamətində yorulmadan aparılan intensiv elmi axtarışlar, əldə edilən nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyasının dayaq nöqtəsini təşkil etdi. O, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü”.

Son illər dünya standartlarına uyğun inkişaf yolunu tutmuş Azərbaycan səhiyyəsində nəzərəçarpan dəyişikliklərin olduğunu bildirən baş həkim deyib: “Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər yeni üsullar vasitəsilə müalicəsi edilir, unikal və mürəkkəb əməliyyatlar icra olunur, əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişaf gedir. Bu da ölkəmizdə səhiyyə sahəsinə göstərilən qayğının nümunəsidir”.

Sonra konfrans öz işini “İnvaziv radiologiya+endovaskulyar cərrah: “Endovaskulyar Specialist”, “Tor qişa qopmalarının cərrahi müalicəsi”, “Minimal invaziv urologiyada yeniliklər”, “Gicgah epilepsiyası”, “HELLP sindromunun müalicəsinə differensial yanaşma taktikası”, “Minimal invaziv cərrahiyyə:bu gün və perspektivlər”, “Sistem vaskulitləri” və bir sıra digər məruzələrlə davam etdirib.

Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin və bir sıra digər tibb müəssisələrinin professorları və həkimləri iştirak ediblər.