Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan tam müstəqil siyasət və milli kurs yürüdən dövlətlərin bayraqdarına çevrilir

06 Aprel 2018
* Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir.

 

* Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən bizim xalqa qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Həmin soyqırımı dünyanın 10 dövləti tərəfindən tanınıb. Ümidvaram ki, üzv dövlətlər də bu məsələni müzakirə edəcək və insanlığa qarşı olan həmin cinayətlə bağlı mövqelərini bildirəcəklər.

 

* Ermənistan ölkədə ksenofobiya bəsləyir, bu, bir monoetnik dövlətdir. Orada heç bir başqa millət yaşamır və Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bu ölkədə yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələri orada etnik təmizləməyə məruz qalıblar. Ermənistandan fərqli olaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun dünya səviyyəsində tanınmış mərkəzlərindəndir. Biz multikulturalizm mərkəzlərindən biriyik. Azərbaycanda multikulturalizm dövlət siyasətidir.

 

* “Bakı Prosesi” misilsiz beynəlxalq platformadır ki, müsəlman dünyasını və Avropa dövlətlərini birləşdirir, bütün ölkələr üçün açıqdır və məqsəd müxtəlif dövlətlər, müxtəlif dinlər və etnik qrupların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaqdır. Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlər boyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir.

 

* Biz demokratiya, insan hüquqları dəyərlərinə, azadlıqlara sadiqik. Lakin müstəqil ölkə kimi biz cəmi 26 ildir ki, mövcuduq. Bu illər də, xüsusən ilk vaxtlarda asan olmamışdır. Ölkəmizdə çətin problemlər, Ermənistanın işğalı, daxili çətinliklər, siyasi böhran, vətəndaş müharibəsi, iqtisadi tənəzzül müşahidə olunurdu. Bununla belə, bütün çətinliklərdən çıxa bildik və hazırda çox sürətli iqtisadi inkişaf nümayiş etdiririk. İqtisadi inkişaf müstəqilliyimizin əsasını təşkil edir. Aydın şəkildə anlayırıq ki, biz iqtisadi baxımdan güclü olmalıyıq, digər ölkələrdən və ya maliyyə mərkəzlərindən asılı olmalı deyilik. Yalnız bu halda biz müstəqil siyasət yürüdə bilərik və Azərbaycan bundan fərəhlənir.

 

* Son 15 il ərzində iqtisadi inkişafımız çox sürətli olmuşdur. Ümumi daxili məhsul 3,2 dəfə artmışdır. Fikrimcə, bu, dünya rekordudur. Eyni zamanda biz insan kapitalına böyük sərmayələr yatırmışıq. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son 15 il ərzində biz 3100-dən artıq məktəb və 600-dən çox xəstəxana tikmişik, yaxud təmir etmişik.

 

* Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə düşmüş, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində biz ölkəmizə 230 milyard dollardan artıq vəsaiti birbaşa sərmayə kimi cəlb edə bilmişik. İqtisadi nəticələrimiz dünyanın aparıcı maliyyə, o cümlədən iqtisadi təsisatlarının hesabatlarında yer alır. Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyəti baxımından Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişaf edən ölkələr sırasında üçüncü yerdədir.

 

* Bir sözlə, Azərbaycan xalqının əldə etdiyi bütün nailiyyətlər bizim siyasətimiz sayəsində olmuşdur. Biz bunları hər hansı digər dəstək olmadan əldə etmişik. Diqqətimizi milli maraqlara aid olan, strateji əhəmiyyət daşıyan məsələlərə yönəldirik. Ötən 26 il ərzində göstərdik ki, inkişafa sadiqsinizsə, həqiqətən müstəqilsinizsə və insanların taleyi öz əllərindədirsə, bu halda, siz böyük nəticələr əldə edə bilərsiniz.

 

* Azərbaycan dəhlizlərin yaradılmasına böyük sərmayələr yatırır və “Şərq-Qərb”, eləcə də “Cənub-Şimal” dəhlizlərinin fəal iştirakçısıdır. Beləliklə, biz açıq dənizə çıxışı, eləcə də beynəlxalq bazarlarla birbaşa əlaqəsi olmayan Azərbaycan kimi ölkəni Avrasiyanın daşımalar qovşağına çevirə bildik. Hazırda, biz digər layihə - “Cənub-Qərb” dəhlizi üzərində çalışırıq. Bunun sayəsində, Asiya ölkələri öz mallarını Cənubi və Mərkəzi Avropaya çatdıra biləcəklər.

 

* Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik.