Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Bolqarıstan arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

05 Aprel 2018
“AITF 2018” sərgisində iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlmiş Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Əbülfəs Qarayev Bolqarıstanın uzun illərdir Bakıda keçirilən bu sərgidə milli stendlə iştirakını xüsusilə qeyd edib. O, Azərbaycan-Bolqarıstan arasında turizm sahəsində sazişə əsasən iki ölkə arasında layihələrin icrasının daha da sürətləndirilməsinə və turizm sənayesi nümayəndələrinin qarşılıqlı infoturlarının keçirilməsinə zərurət yarandığını deyib. Həmçinin Azərbaycanın turizm potensialına son illər daha çox maraq göstərildiyi nəzərə alınaraq, müxtəlif ölkələrdən gələn turistlər üçün bir sıra turizm məhsullarının təklif olunduğunu bildirib.

Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva Azərbaycan turistlərinə Bolqarıstanın bir çox seqmentlər üzrə cəlbedici ola biləcəyini deyib və Azərbaycan tərəfinin təkliflərini dəstəklədiyini, işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Bakı-Sofiya arasında “Buta Airways” aviaşirkəti vasitəsilə uçuşların həyata keçirildiyi nəzərə alınaraq, turist mübadiləsi üçün qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi və birgə fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.