Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatlarına layiq görülən alimlərin adları açıqlanıb

05 Aprel 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülən alimlərin adları məlum olub.

AZƏRTAC xəbər verir ki, AMEA Rəyasət Heyətinin aprelin 5-də keçirilən növbəti iclasında altı alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.

Müxtəlif kristal quruluşu olan və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində silsilə elmi-tədqiqat işlərinə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, üzvi sintez reaksiyalarında və molekulların dizaynında qeyri-kovalent rabitələrin və “spider effect” rolu sahəsində apardığı fundamental tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüblər.

Qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.