Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan yenə öndədir

05 Aprel 2018
 

İnklüziv inkişaf indeksi ölkənin uğurlu innovativ tərəqqisinin göstəricisidir

 

Cəmi 27 il öncə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası uğurla inkişaf edir. Müxtəlif beynəlxalq təşkilatlar mütəmadi olaraq Azərbaycanın fərqli istiqamətlərdə reytinqinin daim artdığını təsdiqləyən bilgilər tirajlayırlar. Dünya iqtisadi forumu 2018-ci ilin yanvarında dünya ölkələrində inklüziv inkişaf durumu ilə bağlı hesabat nəşr edib. Hesabata əsasən, Azərbaycan Respublikası inklüziv inkişaf göstəricilərinə görə, sabiq Sovetlər Birliyi ölkələri arasında birinci olmaqla, Avropa Birliyi və “Böyük yeddilik”ə (G 7) daxil olan bir sıra inkişaf etmiş dövlətləri geridə qoyub. Hazırkı məqalədə Azərbycanın bu uğuru qazanmasına yol açan və ilk dəfə bizim ölkədə tətbiq edilən innovativ dövlət idarəçiliyi texnologiyaları təhlil olunur.
2018-ci il yanvarın son günlərində Dünya İqtisadi Forumu dünya ölkələrinin inklüziv inkişaf indekslərini əks etdirən hesabatı açıqlayıb. Davamlı inkişafın elementi hesab edilən inklüziv inkişaf ölkə iqtisadiyyatı və sosial sahənin elə idarə edilməsidir ki, o, cəmiyyətin inkişafının bütün sahələrini əhatə edir, iqtisadi və sosial göstəriciləri yaxşılaşdırır. İnklüziv inkişafın müsbət effekti bir qayda olaraq cəmiyyətin hər üzvü tərəfindən hiss edilən olur.
Ölkənin inklüziv inkişafının səviyyəsi xüsusi əmsal əsasında müəyyən edilir. Bu əmsal inkişaf etmiş və keçid iqtisadiyyatına malik ölkələr üçün ayrılıqda hesablanır. Bu indeksin hesablanması zamanı təkcə adambaşına düşən gəlirin artımı deyil, həmçinin ölkədə həyat səviyyəsi, yoxsulluqla mübarizənin səmərəliliyi, əhalinin müxtəlif təbəqələri arasında gəlirlərin bölünməsi xüsusiyyətini xarakterizə edən 11 digər parametr nəzərə alınır. İnklüziv inkişaf indeksinin hesablanması zamanı nəzərə alınan parametrlərə həmçinin davamlı inkişaf indikatorları da daxildir. Bunlara əhalinin şəxsi əmanətlərinin səviyyəsi, qlobal iqlim dəyişikliklərinə təsirlər, ölkənin demoqrafik siyasətinin xüsusiyyəti, xarici borcun həcmi və s. aiddir.
Dünya İqtisadi Forumunun Hesabatında əksini tapan müqayisəli inklüziv inkişaf qiymətləndirmələrinə əsasən, Azərbaycan Respublikası 4,69 bərabər indeksi ilə keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yer tutur. Bu, sabiq Sovetlər Birliyi ölkələri arasında ən yaxşı göstəricidirr. Sözügedən qrupda təmsil olunan Avropa Birliyi üzvləri arasında isə Azərbaycan yalnız Litva və Macarıstandan geridədir. İnklüziv inkişaf indeksinə görə, ölkəmiz Avropa Birliyinin Latviya, Polşa, Rumıniya, Bolqarıstan, Xorvatiya kimi üzvlərini qabaqlayır. Dünya İqtisadi Forumunun Hesabatına əsasən, Azərbaycanda inklüziv inkişaf indeksi İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi Avropa dövlətlərindəkindən yüksəkdir. Yaponiya və İsrailin inklüziv inkişaf indeksləri də bizim ölkədəkindən aşağı səviyyədədir. Doğrudur, qeyd olunan dövlətlər yüksək gəlirli ölkələr qrupuna aiddir və burada göstəricilərdən biri - yoxsulluq səviyyəsi bir qədər fərqli hesablanır. Buna baxmayaraq, qeyd edilən fakt Azərbaycanın inkişaf strategiyasının uğurundan xəbər verir.
Uğurlu inklüziv inkişaf üçün iqtisadi imkanların mövcudluğu vacib şərtdir. Lakin mövcud iqtisadi imkanların səmərəli idarə edilməsi bu prosesdə həlledici rol oynayır. Cədvəldə təqdim edilən informasiya da bunun sübutudur.

 

 

 

 

 

 

 

 

 

 


Cədvəldə təqdim edilən bilgilərdən aydın görünür ki, mövcud maliyyə resurslarının səmərəli idarə olunması inklüziv inkişafın təmini üçün önəmli faktordur. Məsələn, Litva iqtisadi imkanlarına görə keçid iqtisadiyyatına malik ölkələr qrupunda birincidir. Bu imkan Litva hökuməti tərəfindən doğru dəyərləndirilib və nəticə etibarilə ölkə inklüziv inkişaf göstəricilərinə görə də birinciliyə yüksəlib. Macarıstan inklüziv inkişaf göstəricisinə görə bu qrupun ikincisidir. Əslində onun iqtisadi imkanları dördüncü yerə uyğundur. Lakin resurslardan səmərəli istifadə onun ikinci yeri tutmasına yol açıb. İqtisadi imkanları ikinci yerə uyğun Polşa isə inklüziv inkişafa görə yalnız beşinci yerə yiyələnə bilib. Göründüyü kimi, fərqli ölkələr inklüziv inkişaf məqsədlərinə nail olmaq üçün mövcud iqtisadi imkanlarından fərqli səmərəliliklə faydalanır.
Lakin Azərbaycan Respublikası inklüziv inkişaf məqsədlərinə çatmaq üçün resursların optimal istifadəsində daha yüksək səmərəlilik sərgiləyib. Cədvəldən göründüyü kimi, ölkəmizin iqtisadi imkanları yalnız 26 yerə uyğun gəlir. Dövlət idarəçiliyi proseslərinin düzgün planlaşdırılması və təşkili Azərbaycanın nisbətən məhdud imkanlarla yüksək inklüziv inkişaf səviyyəsi təmin etməsinə zəmin yaradıb və ölkə üçüncü yerdə qərarlaşıb. Müqayisə üçün göstərmək olar ki, məsələn, iqtisadi imkanları yeddinci yerə uyğun gələn Türkiyə inklüziv inkişaf göstəricisinə görə on altıncı olub. İqtisadi imkanları doqquzuncu yerə uyğun Rusiya Federasiyası isə Dünya İqtisadi Forumunun müəyyənləşdirdiyi reytinqdə on doqquzuncu yerdədir.
Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində dövlət siyasətinin yüksək səmərəliliklə planlaşdırılması və idarə edilməsi innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlıdır. Onlar arasında idarəçilik sahəsi üçün yeni olan sinergetik, komplimentar və kompensasion texnologiyalar xüsusi yer tutur.
Sinergetik texnologiyaların təzahürlərindən biri ölkə Prezidenti İlham Əliyevin dövlət inkişaf proqramlarının vətəndaş cəmiyyəti və özəl sektorun cəlbi ilə milli proqramlara transformasiyasına yönəlik siyasətidir. Vətəndaş cəmiyyəti təmsilçiləri arasında Heydər Əliyev Fondunun xüsusi yeri var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın innovativ texnologiyaların tətbiqi sahəsində fəaliyyəti davamlı və inklüziv inkişaf məsələlərinin uğurlu planlaşdırılması və reallaşdırılması prosesində müstəsna rola malikdir.
Sinergetik texnologiyalar komplimentar texnologiyalarla kompleks şəklində tətbiq edilir. Komplimentar texnologiyaların təzahürü kimi ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan proqram və layihələrin bütün proses iştirakçılarının maraqlarına cavab verməsi faktını qeyd etmək olar. Burada söhbət eyni zamanda həm milli, həm regional, həm də qlobal tərəfdaşlardan gedir. Sənaye, nəqliyyat və rabitə sahəsində daha əvvəllər reallaşdırılan və hazırda həyata keçirilən çoxsaylı layihələr ölkədə komplimentar texnologiyaların tətbiqinin uğurundan xəbər verir. Fəaliyyətdə olan və inşa edilən neft və qaz kəmərləri, dəmir yolu və avtomobil yolları, yaradılan nəqliyyat, istehsal və logistika mərkəzləri davamlı inkişaf proseslərinin innovativ idarə edilməsinin uğurundan xəbər verir.
İnkişaf proseslərinin planlaşdırılması və idarə edilməsində kompensasion texnologiyalar da inklüziv və davamlı inkişaf məqsədlərinə çatmaq baxımından olduqca önəmlidir. Hazırda fərqli kompensasion texnologiyalardan istifadə edilir. Onların arasında xüsusi sənaye və aqrar park və zonalarının, həmçinin azad iqtisadi zonaların yaradılması, yerli sahibkarlığa fərqli dəstək formaları, güzəştli maliyyələşdirmə və xarici tərəfdaşların reallaşdırdıqları layihələrin dəstəklənməsini və s. göstərmək olar. “Şərq-Qərb”, “Cənub-Şimal” beynəlxalq nəqliyyat dəhlizlərinin tikintisi, bu layihələrdə tərəfdaşların maliyyə, texnoloji dəstəklənməsi kompensasion texnologiyaların beynəlxalq layihələrdə də geniş tətbiqinin sübutudur.
İnklüziv inkişafdakı bugünkü uğurlar və bu prosesin davamlılığı inkişaf proseslərinin idarə edilməsində yuxarıda qeyd olunan innovativ texnologiyalar kompleksinin tətbiqinin nəticəsidir. Dünya Bankı, BMT, digər beynəlxalq inkişaf institutlarının bilgilərinə görə, Azərbaycanda inklüziv inkişaf və bu prosesin davamlılığını müəyyən edən bütün göstəricilər yüksək səviyyədədir. Ölkənin müasir iqtisadi və sosial nailiyyətləri məhz buna bağlıdır.

Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik