Zurab Pololikaşvili: Dünya turizmində Azərbaycana maraq artıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zurab Pololikaşvili: Dünya turizmində Azərbaycana maraq artıb

05 Aprel 2018
Aprelin 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Əbülfəs Qarayev ölkədə turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə geniş məlumat verib. Qeyd edib ki, bu işlərin məntiqi nəticəsi olaraq ötən il Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb. Habelə ölkədə turizmin müxtəlif növləri inkişaf edir.

Azərbaycanın regional turizmin inkişafında da maraqlı olduğunu qeyd edən nazir uzaq ölkələrdən səfər edən turistlər üçün Azərbaycan-Türkiyə-Gürcüstanı əhatə edən İpək Yolu turizm marşrutunun təklif olunduğunu vurğulayıb.

Sonra turizmdə kadr hazırlığından danışılıb və Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, bu universitet Avstriyanın nüfuzlu Krems Universiteti ilə əməkdaşlıq edir və tədrisi onun proqramı əsasında həyata keçirir.

Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının baş katibi kimi Azərbaycana ilk səfərinin aprelin 5-7-də ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisinə təsadüf etdiyindən məmnunluğunu bildirib. O, dünya turizmində Azərbaycana marağın artdığını vurğulayıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Dünya Turizm Təşkilatında çox fəal təmsil olunur və bu təşkilatın layihələrində yaxından iştirak edir.

Z.Pololikaşvili Azərbaycanda turizm infrastrukturunun inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq gələcəkdə Azərbaycana turist axınının daha da artacağına əminliyini ifadə edib.

Daha sonra Azərbaycan və Dünya Turizm Təşkilatı arasında ölkədə turizm sahəsinin inkişafı ilə bağlı görülən işlərdən danışılıb.