Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı filoloji tədqiqat obyektinə çevrilib

04 Aprel 2018
Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbir ADU-nun Azərbaycan ədəbiyyatı kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov multikulturalizmin cəmiyyətimizdə əsrlərdən bəri gələn həyat tərzi və dünyagörüşü olduğunu deyib. Diqqətə çatdırıb ki, ölkəmizdə multikultural həyat tərzi qədim tarixə malikdir. Bəşəri ideyaların təbliğ olunduğu klassik Azərbaycan ədəbiyyatında, eləcə də “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında bu fikirlər öz əksini tapıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, akademik Möhsün Nağısoylu multikultural dəyərlərin “Kitabi-Dədə Qorqud” eposunda, Xaqani Şirvani, Mücirəddin Beyləqani, Nizami Gəncəvi və digər klassiklərin əsərlərində təbliğ olunduğunu vurğulayıb. O deyib: “Azərbaycan ədəbiyyatının bütün dövrlərə aid nümunələrində multikultural ideyalara rast gəlmək mümkündür. Bu örnəklər çoxşaxəli və çoxistiqamətlidir. Dahi Füzuli əsərlərində hər zaman dinlərə, dillərə qarşı xoş münasibət bəsləyib, İsa peyğəmbər, Musa peyğəmbərin adını böyük ehtiramla yad edib”.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, dünya ədəbiyyatına bələd olmaq xalqın öz həqiqi mənəvi dəyərlərini daha yaxından dərk etməsinə imkan yaradır. O deyib: “Azərbaycan multikulturalizminin qaynaqları seriyasının ilk nəşri olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ərsəyə gəlməsində Möhsün Nağısoylu, Muxtar İmanov, Fərid Ələkbərli və digər alimlərin böyük əməyi var. Bu nəşr filoloji tədqiqat obyektinə çevrilib. Hesab edirəm ki, Azərbaycan xalqının prinsip etibarilə güzgüdəki kimi əksini göstərən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ölkəmizi ən yaxşı tərəfdən təcəssüm etdirən hadisədir”.

Tədbirdə, həmçinin ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Nurlanə Mustafayeva “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda mühazirə oxuyub.