Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Böyükkişi Ağayev son mənzilə yola salınıb

04 Aprel 2018
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycanın tanınmış cərrahı, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayevlə vida mərasimi keçirilib.

Mərasimdə müvafiq qurumların nümayəndələri, elm və tibb xadimləri, səhiyyə işçiləri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

AZƏRTAC xəbər verir ki, mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə tibb sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Böyükkişi Ağayevin uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və səhiyyənin inkişafına verdiyi böyük töhfələrdən danışıb.

Akademik A.Əlizadə bildirib ki, ömrünün böyük hissəsini AMEA ilə bağlayan alimin elmi fəaliyyətinin əsas istiqamətini mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi, qaraciyər, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intero corporal lazer aşağı tezlikli maqnit metodu təşkil edirdi. O, 1973-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib.

Görkəmli alim Böyükkişi Ağayevin səmərəli fəaliyyətindən danışan akademik A.Əlizadə onun Azərbaycan elmində xüsusi rolu olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsində özünəməxsus yeri olan Böyükkişi Ağayevin ölkəmizdə cərrahların yetişməsində müstəsna xidmətlərindən bəhs edib. Bildirilib ki, alim tibb sahəsində elmi məktəb yaradıb, bütün mənalı ömrünü tibb elminin inkişafına həsr edib.

Tədbirdə görkəmli alimin həyat və zəngin elmi fəaliyyətindən bəhs edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qeyd edib ki, Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan alim, bacarıqlı səhiyyə təşkilatçısı idi.

Qeyd olunub ki, akademik B.Ağayev çoxlu sayda elmi əsərin, 9 ixtira və 25-dən çox səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

Elmi və pedaqoji fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Böyükkişi Ağayev Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə görə 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev akademik Böyükkişi Ağayevin zəngin elmi, pedaqoji fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb, alimlə bağlı xatirələrini söyləyiblər.

Mərhumun ailəsi adından çıxış edən qardaşı oğlu Rauf Ağayev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.