Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan tibb elminə ağır itki üz verib

04 Aprel 2018
 

Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, cərrah, pedaqoq, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi.

B.Ağayev “Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, “Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə professor elmi adına layiq görülmüşdü. O, 1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdi.

B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təklifin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxını xaricdə çap olunmuşdu.

Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

Görkəmli alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.