Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

500 milyondan çox insan Azərbaycanı izləyəcək

04 Aprel 2018
 

Bakı “Formula-1” yarışlarına 3-cü dəfə evsahibliyi edəcək

 

Bakı daha bir möhtəşəm idman tədbiri ərəfəsindədir. Aprelin 27-29-da paytaxtımızda “Formula-1” Azərbaycan Qran-prisi keçiriləcək. Sürət və adrenalin sevən azarkeşlər Bakı Şəhər Halqasında təşkil olunacaq möhtəşəm yarışdan zövq alacaqlar. Sayca 3-cü dəfədir ölkəmizdə keçiriləcək və cari mövsümün 4-cü mərhələsi olacaq yarışı 190 ölkədən 500 milyondan artıq tamaşaçı izləyəcək.
Belə nüfuzlu yarışların ölkəmizə həvalə edilməsi Azərbaycanın dünyada və Avropada idman ölkəsi kimi tanınmasından irəli gəlir. Bu gün Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşılır və bunun üçün kompleks tədbirlər görülür. Bunun nəticəsi olaraq ölkəmizdə keçirilən nüfuzlu yarışlar silsilə xarakter daşıyır.

 

Bakı treki 3-cü dəfə pilotları gözləyir

 

“Formula-1” yarışlarının 2018-ci il mövsümü 21 mərhələdən ibarət olacaq. Azərbaycan yarışların 4-cü mərhələsinə evsahibliyi edəcək. Mövsümün ilk yarışı martın 25-də Avstraliyada başlayıb, son yarışı isə noyabrın 25-də Abu Dabidə təşkil olunacaq.
Uzunluğu 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, izləyənlər yarış zamanı “Formula-1” avtomobilləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər.
Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhərətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 kilometr dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri ilə yarışı canlı olaraq tribunalardan və ya televiziya qarşısında izləyən “F1” azarkeşləri üçün əsrarəngiz bir şouya çevriləcək.
Qeyd olunduğu kimi, Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən, ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoymuşdular. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edəcək. Start və finiş xətti Azadlıq meydanında olacaq.

 

Planetin bir nömrəli avtomobil yarışı

 

Xatırladaq ki, “Formula-1” üzrə dünya çempionatı bir nəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək statusa malik bu yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlanır. İl ərzində müxtəlif ölkələrdə “F1” üzrə mərhələ yarışları, başqa sözlə, qran-prilər təşkil olunur. Dünyada geniş tamaşaçı auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan “Formula-1” qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanı əhatə edir. Yarışları FİA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.
“Formula-1” üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn “Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina “F1” yarışının ilk qalibi kimi tarixə düşüb. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxdı. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.

 

Bakıdakı yenilik marağı bir qədər də artırıb

 

“Formula-1” yarışlarının cari mövsümdə 4-cü mərhələsinə evsahibliyi edəcək Azərbaycan iki il öncə dünya çempionatının Bakı mərhələsində yenilik tətbiq etmişdi.
Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən, ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılırdı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi.
Yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub. “Formula-1” mütəxəssislərinin rəyinə görə, bu yenilik həyəcanı bir qədər də artırıb.

 

“Formula-1” Azərbaycana 277,3 milyon ABŞ dolları gəlir gətirib

 

“Formula-1” yarışının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək pilotlar, qonaqlar ölkəmizlə tanış olur və Azərbaycanın uğurlu inkişaf modelinin şahidinə çevrilirlər. Belə yüksək idman tədbirləri ölkəmizə iqtisadi dividendlər qazandırır. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən “Formula-1” yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, “Formula-1” yarışları Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon ABŞ dolları gəlir gətirib.
Hesabatda göstərilən yekun məbləğ yarışlar ərəfəsində “Formula-1” ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
Onu da qeyd edək ki, birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur. Bakıda keçirilən iki Qran-pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz həmin sektorun payına düşür. Bu dövrdə birbaşa gəlirlər ümumilikdə 164,2 milyon dollar təşkil edib. Buna “Formula-1” ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran və nəqliyyat istiqamətləri üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir.

 

Daniel Rikkiardo ötənilki nəticəni təkrarlaya biləcəkmi?

 

Artıq 2 ildir Azərbaycan “Formula-1” yarışlarına uğurla evsahibliyi edərək yüksək təşkilatçılığı ilə digər ölkələrə nümunə göstərib. Ötən il Azərbaycan mərhələsində pilotlar arasında gərgin mübarizə və yekunda qeydə alınan nəticələr hamı üçün sürpriz olmuşdu.
Maraqlı keçən yarışın yekununda “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo 2 saat 3 dəqiqə 55 saniyəlik nəticə ilə Azərbaycan Qran-prisinin qalibi olmuşdu. İkinci yerdə “Mercedes” komandasının üzvü Valtteri Bottas, üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu.
Ən maraqlı məqamlardan biri də 10 komandadan 9-nun Bakıdan xalla ayrılması idi. Son illərdə belə hadisə heç bir dünya çempionatında yaşanmamışdı. Bakıdan xalsız ayrılan yeganə komanda “Renault” oldu. Problemlər Colion Palmerdən əl çəkmək bilmirdi. Niko Hülkenberq isə yeddinci döngədə divarla toqquşaraq asılqanı qırdı və yarışı yarımçıq dayandırdı. “Sauber” komandasından Paskal Verlyayn mövsümdə ikinci dəfə xal qazana bildi.
Bütün dünya 3-cü dəfə “Formula-1”in Azərbaycan mərhələsini səbirsizliklə gözləyir. İndiyə kimi beynəlxalq miqyaslı yarışları yüksək səviyyədə keçirən respublikamız daha bir nüfuzlu tədbirə evsahibliyi etməklə növbəti dəfə idman ölkəsi olduğunu nümayiş etdirəcək.

E.CƏFƏROV,
“Azərbaycan”