Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Deputatlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasını qətiyyətlə pislədilər

03 Aprel 2018
 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov 25 məsələnin daxil olduğu gündəliyi təqdim etdi. 

Deputatlar əvvəlcə cari məsələlərə münasibət bildirdilər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, 25 il ərzində inkişaf yolu keçən Azərbaycan dünya miqyaslı transmilli layihələr həyata keçirir. Bakıda keçirilən beynəlxalq tədbirlərə dünyanın nüfuzlu liderləri qatılır: “Ölkəmizdə aparılan islahatlar, dinamik inkişaf dünyanın əksər ölkələri tərəfindən rəğbətlə qarşılanır. Lakin, Azərbaycanın apardığı siyasət bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır. Belə ki, mənəvi, əxlaqi dəyərlərin nə olduğunu bilməyənlər Azərbaycan dövlətinə, xalqına qarşı əsassız fikirlər səsləndirir. Bu hallara qarşı mübarizə aparılmalıdır. Azərbaycan xalqına qarşı bəzi dairələrin apardığı kampaniyanı hamı pisləyir. Bunların hamısı ötüb keçəcək. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda xalq-dövlət birliyi təmin edilib, həmrəylik var”.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd etdi ki, xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə bu gün Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldurlar. Fransada belələri Azərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Amma onlar bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər. Komitə sədrinin sözlərinə görə, vətənə, xalqa qarşı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir.
Müzakirələr zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr Əli Hüseynli, Aqrar komitənin sədri Eldar İbrahimov, deputatlardan Fazil Mustafa, Ağacan Abıyev, Novruzəli Aslanov, Elmira Axundova, Hikmət Məmmədov bu məsələ ilə bağlı fikirlərini bildirdilər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini təqdim etdi.
Hər iki qanun layihəsi qəbul edildi.
Parlament Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Bildirdi ki, dəyişiklik redaktə xarakterlidir. Layihə səsə qoyularaq qəbul olundu.
İclasda “Hidrometeorologiya fəaliyyəti haqqında” və Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də səsverməyə çıxarılaraq təsdiq edildi.
Daha sonra komitə sədri Ziyad Səmədzadə “Kredit büroları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edərək bildirdi ki, dəyişiklik sənədin təkmilləşdirilməsi ilə bağlıdır. Qanun layihəsi Kredit bürosunun fəaliyyətə başlaması ilə əlaqədar qüvvədə olan qanunun tətbiqi zamanı meydana çıxan boşluqların aradan qaldırılması, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qeyd etdi ki, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişikliklər edilməsi barədə qanun layihələri “Kredit büroları haqqında” qanunun tətbiqi ilə bağlıdır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və deputat Fəzail Ağamalı çıxış edərək dəyişikliklərə müsbət münasibət bildirdilər. Qanun layihələri qəbul olundu.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Qeyd olundu ki, layihə ölkənin investisiya cəlbediciliyini artırmaq və beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırmaq, bu sahədə qanunvericiliyi və inzibatçılığı təkmilləşdirmək məqsədilə hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
İclasda, həmçinin “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında” qanunlarda və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə dəyişikliklər də qəbul edildi.
Müzakirəyə çıxarılan növbəti məsələ Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi idi. Milli Məclisin komitə sədri Əli Hüseynli məlumat verərək bildirdi ki, dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təklif edilir. Tikintiyə icazədə nəzərdə tutulmuş məlumatları vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim etmə müddətinin 10 gündən 3 günə azaldılması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
Deputatlar Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələrə də müsbət münasibət bildirdilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Qeyd etdi ki, sənəd İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır. Hazırkı mövcud qanunvericiliyə əsasən isə bu kimi hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilir.
Sənəd səsverməyə qoyularaq qəbul edildi.
Sonra İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrində və “Fərdi məlumatlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiq olundu.
Müzakirəyə çıxarılan növbəti məsələ “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi idi. Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanun layihəsi 4 fəsil 21 maddədən ibarətdir. Sənəd dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.
On beş yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan vətəndaşlarının, müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının, sərnişin və yükdaşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvlərinin, mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşların, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin, cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (15 yaşınadək uşaqlar istisna olmaqla), Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycanda siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı aparılacaq. Həmçinin, naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.
Qanun layihəsinin iyulun 1-dən tətbiq olunması nəzərdə tutulur. Sənəd qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun ləğv ediləcək.
Deputatlardan Sahib Alıyev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Aytən Mustafayeva, Elmira Axundova qanun layihəsi barədə fikir və təkliflərini səsləndirdilər.
Sənəd səsə qoyularaq qəbul edildi.
Sonda Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, qanunun qəbulunda məqsəd Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən etməkdir. Layihə 5 fəsil, 26 maddədən ibarətdir.
Peşə təhsilinin məqsədinə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü, təhsil alanların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafını, psixoloji dayanıqlığını və şəxsiyyətini formalaşdırmaq, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və sair daxildir.
Deputatlardan Tahir Kərimli, Tahir Rzayev, komitə sədri Fuad Muradov, Rəşad Mahmudov, Elşad Həsənov, Şəmsəddin Hacıyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Fazil Mustafa, Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək qanun layihəsinə müsbət münasibət bildirdilər.
Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Səbinə MƏMMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”