Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zərdabın 19 yaşayış məntəqəsində sakinlərin kütləvi tibbi müayinəsi başa çatıb

03 Aprel 2018
 

Zərdab rayonunda əhalinin kütləvi tibbi müayinəsi müvəffəqiyyətlə davam edir və artıq 19 yaşayış məntəqəsində bu humanist aksiya başa çatıb.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində mayın 12-dək 18 yaşdan yuxarı 35 min 375 nəfərin tibbi müayinədən keçiriləcəyi gözlənilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və əhali tərəfindən böyük razılıqla qarşılanan bu humanist aksiyadan indiyədək 19 min 53 nəfər yararlanıb. Onlardan 542 nəfər ambulator, 17 nəfər stasionar müalicəyə cəlb edilib. 24 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. 13 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, habelə Körpükənd və Məlikli kənd sahə xəstəxanalarında aparılır. Yaşayış məntəqələrinin sakinləri, idarə və təşkilatların kollektivləri tərtib edilən qrafik əsasında hər gün məntəqələrə gəlir, təşkil olunan həkim briqadaları tərəfindən müayinə olunurlar. Gəlmək imkanı olmayan ahıl insanların müayinəsi səyyar briqada tərəfindən evlərdə aparılır.