Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Birinci sinfə qəbulla bağlı yenilik

03 Aprel 2018
Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə saytda rəsmi müraciət etmək imkanı yaradılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, indiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir və müvafiq müddət ərzində cavablandırılır. Bu yenilik valideynlərin vaxt itkisinin qarşısının alınması, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxa bilən obyektiv ləngimələrin aradan qaldırılması və müraciətlərin daha operativ cavablandırılması məqsədilə tətbiq olunub.

Odur ki, valideynlərə birinci sinfə online qeydiyyat prosesində onları maraqlandıran məsələlərə daha operativ cavab almaq üçün elektron sistemin “Əlaqə” bölməsi vasitəsilə müraciət etmələri tövsiyə olunur.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Fevralın 22-dən sentyabrın 15-dək elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Hər hansı səbəbdən elektron qeydiyyat prosesini özü həyata keçirə bilməyən şəxslər Bakının hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılan alternativ qeydiyyat mərkəzlərinə (www.baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Həmçinin birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu zamanı araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı ümumtəhsil müəssisəsində Apellyasiya Komissiyası (www.baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.