Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu ilk dəfə səs verəcək Sabirabad, Kürdəmir, Hacıqabul gəncləri ilə maarifləndirici görüş təşkil etdi

03 Aprel 2018
 

Aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə tədbirlər davam edir.

Sabirabad Gənclər Evində təşkil olunan regional görüşə Kürdəmir və Hacıqabul rayonlarının ilk dəfə səs verəcək gəncləri də qatılıblar. 

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirin mahiyyəti barədə məlumat verdi.

 Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun MSK və şəhər və rayon icra hakimiyyətləri ilə birgə “İlk dəfə səs verirəm” mövzusunda keçirdiyi silsilə maarifləndirici görüşləri xatırladaraq, belə tədbirlərin nəticəsində gənclərin hüquqi bilgilər qazandıqlarını qeyd edib. Onun sözlərinə görə, beynəlxalq ekspertlər qüvvədə olan Seçki Məcəlləsinin seçkilərlə bağlı bütün qanunvericilik normalarını özündə əks etdirdiyini,  Avropa standartlarına uyğun tərtib olunduğunu birmənalı şəkildə təsdiqləyiblər. Xüsusən, gənclik belə bir məcəllənin verdiyi imkanlardan maksimum yararlanmağa çalışmalı, seçkidə fəal iştirak etməli və nəticələrə kölgə salmaq istəyən qüvvələr olarsa, onların qarşısına fakt və dəlillərlə çıxmağa səy göstərməlidir.

Dövlətin yürütdüyü gənclər siyasətinin uğurlarından söz açan İ.Vəliyev  bu sahədə görülən işlərdən danışıb, prezident seçkilərində hər bir seçicinin fəal iştirakı və səsvermə hüququndan yararlanmasının vətəndaşlıq borcu olduğunu söyləyib, Bilik Fondunun seçkidə ilk dəfə səs verəcək gənclər üçün maarifləndirici metodik vəsaiti çapa hazırladığını diqqətə çatdırıb.

Görüşdə “Seçki qanunvericiliyi: hüquqlarımız, vəzifələrimiz və mənəvi borcumuz” mövzusunda məruzə edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor Fəxrəddin Nağıyev seçki prosesində ilk dəfə iştirak edəcək gənclərin hüquq və vəzifələrindən danışıb, Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsinin bir sıra müddəalarının mahiyyətini tədbir iştirakçılarına açıqlayıb.

63 saylı Sabirabad Birinci seçki dairəsinin katibi Azər Hüseynov, Sabirabad Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Hacıqabul rayonu, Nəvai qəsəbəsi 2 nömrəli məktəbin direktoru Zaur Qasımov və başqaları çıxış edərək  təmsil etdikləri bölgələrdə seçkilərə hazırlıqla bağlı məlumat veriblər. Bildirilib ki, Azərbaycan gənclərinin seçkidə iştirakı onların parlaq gələcəyinin təminatı olacaq, seçmək hüququndan istifadə isə siyasi mədəniyyətin vacib komponentidir.

Çıxışlardan  sonra  iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

 

“Azərbaycan”