Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xocalı sakinləri Gəncədən gəlmiş həkimlər tərəfindən müayinədən keçirilib

02 Aprel 2018
Xocalı Rayon İcra Hakimiyyətinin və Gəncə şəhər “Şans” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı sakinləri üçün pulsuz kütləvi tibbi müayinə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinələrdə Aşağı Ağcakənd qəsəbəsində və qəsəbəətrafı məntəqələrdə yaşayan 240-a yaxın insan tibbi baxışdan keçirilməklə yanaşı, aztəminatlı ailələrdən olan 5 oğlan uşağına sünnət edilib.

Sakinlərin tibbi konsiliumunda “Şans” Tibb Mərkəzinin baş həkimi, pediatr-cərrah Nofəl Qasımov, terapevt-qastroenteroloq Qoşqar Məhərrəmov, kardioloq Fərhad Fərhadov, ultrasonoq Cəlaləddin İmanov, nevropotoloq Muradxan Əmirov, nefroloq Mahir Mustafayev, endokrinoloq, ginekoloq, oftalmoloq həkimlər, həmçinin Xocalı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları yaxından iştirak ediblər.

Aksiyadan sonra özəl tibb mərkəzinin həkim heyəti ilə görüşən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bu təqdirəlayiq xeyriyyə işinin təşkili üçün mərkəzin bütün əməkdaşlarına təşəkkürünü bildirib və gələcəkdə bu cür aksiyaların davamlı olmasını arzulayıb.