Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şərqşünaslıq İnstitutu azərbaycanlıların soyqırımı ilə bağlı yeni faktların üzə çıxarılmasında əhəmiyyətli işlər görüb

02 Aprel 2018
 

Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “31 mart 1918-ci il azərbaycanlıların soyqırımı – 100” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın əsas binasında təşkil olunan tədbirdə Azərbaycanın elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə, ABŞ, Rusiya, Almaniya və İrlandiyadan olan alimlər də iştirak ediblər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1918-ci ilin martında ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımının tariximizin qanlı səhifəsi olduğunu söyləyib, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Akademik bu sahədə Şərqşünaslıq İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva konfransın Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. O, 1918-ci ilin martında ermənilər tərəfindən törədilən qətliamın insanlığa sığmayan vəhşilik olduğunu bildirib. Diqqətə çatdırılıb ki, bu soyqırımına ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib. G.Baxşəliyeva xalqımıza qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırımı ilə bağlı yeni faktların üzə çıxarılmasında Şərqşünaslıq İnstitutunda əhəmiyyətli işlər görüldüyünü qeyd edib. İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirib.

1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən törədilən soyqırımı hadisələri ilə bağlı kitabların müəllifi, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi məruzəsində həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törədilən qırğınlar barədə ətraflı məlumat verib.

Tədbirdə professorlar Dirk Reytz Günter, Kamal Çiçək, Patrik Valş, Valeri Stepanov, Boris Hatsiyev və digər çıxış edənlər ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımını qınayaraq, bu hadisələrlə bağlı tarixi faktları diqqətə çatdırıblar.

Sonra Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə XX əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən soyqırımı ilə bağlı məruzə edib. Rəhbərlik etdiyi şöbədə bu mövzuda yazılan və ya fars dilindən tərcümə edilən kitablar barədə danışıb.

Tədbir çərçivəsində ermənilərin törətdikləri soyqırımına aid Şərqşünaslıq İnstitutunda nəşr olunan kitabların sərgisi təşkil olunub.