Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Neftçalanın 15 yaşayış məntəqəsində əhalinin kütləvi tibbi müayinəsi başa çatıb

02 Aprel 2018
Neftçalada əhalinin kütləvi tibbi-profilaktik müayinəsi mütəşəkkil keçirilir. Aksiya başlanandan bu günə kimi 23 min 110 nəfər rayon sakini tibbi müayinədən yararlanıb.

Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, humanitar aksiya rayon üzrə 64 min 544 nəfər sakini əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində 2 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Səyyar briqada fiziki imkanları məhdud, ahıl insanların müayinəsini evlərdə aparır. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kompaniyaya cəlb ediliblər.

Rayon mərkəzi ilə yanaşı, təşkilatlarda çalışan və kəndlərdə yaşayan sakinlərin də kütləvi tibbi müayinəsi uğurla aparılır. Artıq 83 təşkilatın hamısında, 52 yaşayış məntəqəsindən isə 15-də tibbi müayinələr başa çatdırılıb.

Müayinələr zamanı xəstəlik aşkarlanan 2760 nəfər ambulator, 14 nəfər stasionar müalicəyə cəlb olunub. Bir nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 9 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.

Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirirlər.