Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu alimlərin texniki peşə məktəblərində mart soyqırımı ilə bağlı mühazirələrini təşkil edib

30 Mart 2018
 

Prezident İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu müxtəlif elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda silsilə maarifləndirici tədbirlər keçirir. Belə ki, martın 30-da Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun “Bakıda 1918-ci ilin mart soyqırımı” mövzusunda mühazirəsini təşkil edib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, M.Ağalarov 1918-ci ildə xalqımıza qarşı kütləvi soyqırımı həyata keçirmiş, “26 Bakı komissarı” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatların nəticəsində çoxlu sayda yeni faktların aşkarlandığını deyib.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Bilik Fondunun təşkilatçılığı ilə Tarix İnstitutunun elmi işçisi Bəxtiyar Həsənov “XX əsrdə azərbaycanlılara qarşı ermənilərin apardığı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” mövzusunda mühazirə oxuyub.

Mühazirəçi bildirib ki, son iki əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən soyqırımı törətməsində məqsəd azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla uydurduqları “Böyük Ermənistan” dövlətini yaratmaq olub. 1905-1907-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və digər bölgələrdə dinc azərbaycanlıları amansızlıqla qətlə yetirib, şəhər və kəndləri yandırıblar.