Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı ictimaiyyətə təqdim olunub

29 Mart 2018
Martın 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri olan kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir. Nəşrin elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Azərbaycanın və region xalqlarının tarixinin, onların maddi və qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması cəhdlərindən, bu hallara qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb. “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabını bu sahədə atılmış növbəti addım kimi dəyərləndirən M.Əhmədov bu cür tədqiqatların erməni saxtakarlığına qarşı sanballı cavab olduğunu deyib.

Ə.Həbibbəyli qeyd edib ki, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bundan qaynaqlanır.

Tədbir çıxışlarla davam edib.