Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi müzakirə edilib

29 Mart 2018
Martın 29-da Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov iclası açaraq gündəlik barədə məlumat verib.

Əvvəlcə iclasda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Bildirilib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin 20-ci bəndinə uyğun olaraq, təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” qanunlardan, Azərbaycanın mülki və tikinti qanunvericiliklərindən, onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Sonra deputatlar “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər.

Qeyd olunub ki, təklif olunan dəyişikliklər “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıyır.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.