Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mərkəzi Seçki Komissiyası “exit-poll” keçirmək niyyətində olan təşkilatları qeydə alıb

25 Mart 2018
 

Martın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə komissiyanın martın 17-də və 19-da keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və “Rəy” Monitorinq Mərkəzi tərəfindən “exit-poll” keçirilməsi niyyəti ilə MSK-ya daxil olan müraciətlərə baxılıb. Komissiya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciətləri müzakirə etdikdən sonra sözügedən təşkilatların qarşıdan gələn prezident seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul edib.

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər MSK-nın qərarı ilə qeydə alınıb.

İclasda, həmçinin 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər olunub. Beynəlxalq müşahidə missiyalarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.