Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə günü ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə

25 Mart 2018
 

Qərar № 14/81

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə günü ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit-poll” keçirmək niyyətində olduqlarını bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 2018-ci il martın 14-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Beləliklə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Həmin  qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Təqdim edilmiş sənədlər qaydaların tələblərinə cavab verdiyindən, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adıçəkilən qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən qərara alır:

1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində  səsvermə günü ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

24.03.2018