Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət təhsil infrastrukturunun inkişafını diqqətdə saxlayır

24 Mart 2018
 

Şəki rayonunun 312 şagirdi bu sahə ilə bağlı imzalanan son sərəncamdan bəhrələnəcək

 

Son illər ölkəmizdə təhsil sahəsində atılan addımlar, görülən işlər açıq-aşkar hiss olunmaqdadır.

Dünyada müşahidə olunan maliyyə böhranı şəraitində respublikamızda yaşanan bir sıra çətinliklərə baxmayaraq, təhsil ardıcıl qaydada dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılmaqdadır.

Müvafiq sahədə bariz nümunələr istər Prezidentin təsdiqlədiyi fərman və sərəncamlarda, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə reallaşdırdığı layihələrdə öz əksini tapmaqdadır.

Azərbaycan Prezidentinin martın 9-da “Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” imzaladığı sərəncama əsasən bu rayonlarda bütövlükdə 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması həyata keçiriləcək. Bu məqsədlə Prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 56 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Sərəncamda həmçinin təhsildə uğurları, potensialı ilə seçilən Şəki rayonuna məxsusi diqqət yetirilib.  Rayon ərazisində daha çox ehtiyac olan kəndlər üzrə 5 modul məktəbin tikintisi reallaşdırılacaq. Beləliklə də həmin məktəblər Aşağı Daşağıl, Daşbulaq, Öyrət, Çapağan və Yeni Göynük kəndlərində yaşayan sakinlərin ixtiyarına veriləcək. Qeyd olunan sərəncamdan Şəki rayonunun 312 şagirdi bəhrələnəcək.

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova xüsusi olaraq bildirdi ki, son 7 il rayonun təhsil sistemi üçün daha çox cəlbediciliyi ilə seçilib. Statistik rəqəmlərə diqqət yetirdikdə bu amil daha aydın şəkildə diqqəti cəlb edir. Məsələn, 2011-ci ildə ali məktəblərə qəbul olunanların sayı 494 nəfər idisə, 2017-ci ildə bu rəqəm artaraq 645 nəfər təşkil edib. Bundan başqa, 2011-ci ildə məzunlardan cəmi 22 nəfəri 600-dən yuxarı bal toplamışdısa, 2017-ci ildə 600-dən yuxarı bal toplayanların sayı 60 nəfərə çatıb.

Ötən müddət ərzində məktəblərin maddi-texniki bazasının da yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Əgər 2000-2010-cu illərdə, yəni 10 il ərzində rayonda cəmi 16 məktəb yenidən tikilərək əsaslı təmir olunmuşdusa, 2011-2017-ci illərdə - yəni 7 ildə 30 məktəb yenidən tikilib və ya əsaslı təmir edilib. 2011-2016-cı illərdə məktəblərin maddi-texniki bazası əvvəlki 5 ilə nisbətən 6 dəfə yaxşılaşdırılıb.

S.İsmayılova bildirdi ki, hazırda məktəblər üzrə real layihələr icra edilməkdədir. Konkret olaraq  Baş Zəyzid kənd tam orta məktəbi üçün 640 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Qırxbulaq kənd ümumi orta məktəbində də tikinti işləri aparılmaqdadır. Cumakənd kənd tam orta məktəbinin inşasına isə yaxın zamanlarda başlanacaq. Hazırda layihə-smeta sənədlərinin hazırlanması prosesi gedir.

Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, keçən il də yüksək qiymətləndirilib. Son 5 ildə rayonun 14 nəfər müəllimi “Əməkdar müəllim” fəxri adına, 8 nəfər müəllim isə “Tərəqqi” medalına layiq görülüb.

 

Əli SƏLİMOV,

“Azərbaycan”