Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ayrılmış ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəlinin dərc edilməsi haqqında

20 Mart 2018
 

Qərar № 13/79

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınma mərhələsi başa çatmış, nəticədə 8 iddiaçının namizədliyi qeydə alınmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-dan başlanan seçkiqabağı təşviqat mərhələsində qeydə alınmış namizədlər və buna hüququ olan subyektlər həm kütləvi informasiya vasitələrində, həm də qanunvericiliklə müəyyən olunmuş digər üsullarla ödənişli və ödənişsiz əsaslarla təşviqat apara bilərlər.

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Seçki Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulandan (həftədə azı 3 saat) 2 dəfə artıq (həftədə 6 saat) ödənişsiz efir vaxtı ayıraraq, həmin vaxtın 3 saatını televiziyada, 3 saatını isə radioda hüququ olan subyektlər tərəfindən “dəyirmi masa” formatına uyğun istifadə edilməsi üçün təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Qeydə alınmış namizədlər və namizədləri qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə İTV arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı İTV-nin imkanları daxilində həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 19.00-da radioda, saat 22.00-da isə televiziyada istifadəçilərin sərəncamına veriləcəkdir.

Ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəçilər arasında bölüşdürülməsi məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən püşkatma komissiyası yaradılmış, püşkatmanın keçirilmə tarixi və vaxtı müəyyən olunaraq bu barədə məlumat əvvəlcədən dərc edilmiş, maraqlı subyektlərin iştirakının təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür.

Hazırda püşkatma komissiyası ayrılmış efir vaxtının bölgüsünü püşkatma yolu ilə  həyata keçirməli, nəticələr protokolla rəsmiləşdirilərək efir vaxtının bölgüsü cədvəli Seçki Məcəlləsinin 80.7-ci maddəsində nəzərdə tutulmuş qaydada dərc edilməlidir.

Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən 75-ci maddədə göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında, onların verdikləri ərizələr əsasında ödənişsiz efir vaxtının bərabər şərtlər və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçirilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 - 80.7-ci maddələrinə əsasən qərara alır:

1.  Püşkatma komissiyası İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış və həftəlik ümumi həcmi 6 saat olan efir vaxtının (3 saat radioda hər dəfə 1 saat, saat 19.00-da başlamaqla, 3 saat televiziyada hər dəfə 1 saat, 22.00-da başlamaqla) bölgüsünü püşkatma yolu ilə təmin etsin.

2. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsində nəzərdə tutulan qaydada dərc edilsin.

3. Ayrılmış efir vaxtının keyfiyyətlə və vaxtında istifadəçilərin sərəncamına verilməsinin zəruriliyinə dair qanunvericiliyin tələbi İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyinin diqqətinə çatdırılsın.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr                Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

19.03.2018-ci il