Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində şagirdlərin ikinci mübadilə proqramının açılış mərasimi olub

17 Mart 2018
Martın 17-də “Muğam Klub”da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində orta məktəb şagirdlərinin ikinci mübadilə proqramının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, TDƏŞ Katibliyinin, Türkiyə, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki səfirlikləri nümayəndələrinin, mübadilə proqramı iştirakçılarının qatıldıqları tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov proqram iştirakçılarının türk dünyasının ortaq dəyərlərindən olan Novruz bayramı ərəfəsində Azərbaycana səfərinin və bayram adət-ənənələri ilə tanışlığının böyük önəm daşıdığını vurğulayıb.

Nazir müavini proqrama əsasən iştirakçılara zəngin multikultural dəyərlərə, mədəniyyətə və tarixə malik olan Azərbaycan haqqında məlumat veriləcəyini, ölkəmizin müvafiq sahələri üzrə aparıcı mütəxəssislər tərəfindən təlim və mühazirələr keçiriləcəyini diqqətə çatdırıb.

Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc təşkilat olduğu, lakin qısa müddətdə fəaliyyətini genişləndirdiyi barədə məlumat verən nazir müavini bunun əsas səbəbini üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olması ilə əlaqələndirib.

Reallaşdırılan tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini qeyd edən nazir müavini ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfəyə görə şuraya minnətdarlığını bildirib.

TDƏŞ Katibliyinin layihə rəhbəri Yıldız Uzakova, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Büyükfırat Türk Şurasının ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığı inkişaf etdirməyə geniş imkanlar yaratdığını bildiriblər.

Eyni zamanda, “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı”nın əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə bildirilib ki, martın 17-dən 24-dək Azərbaycanın ev sahibliyi edəcəyi “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramına” Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 38 şagird və 6 təlimçi qatılıb. Mübadilə proqramının iştirakçıları Azərbaycanın incəsənəti, tarixi, milli adət-ənənələri ilə yaxından tanış olmaq, Novruz bayramını birlikdə qeyd etmək, həmyaşıdları ilə ünsiyyət qurmaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, 2015-ci il sentyabrın 5-də TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Astana şəhərində keçirilmiş dördüncü görüşündə “TDƏŞ çərçivəsində orta məktəb şagirdlərinin mübadilə proqramının qaydaları” adlı sənəd qəbul edilib. Bu sənədə əsasən, 2016-cı il aprelin 4-dən 14-dək birinci mübadilə proqramı çərçivəsində üç ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan) şagirdləri Türkiyəyə səfər ediblər.

Mübadilə proqramının əsas məqsədi TDƏŞ-ə üzv ölkələrin gənclərinə ortaq türk dəyərlərinin aşılanması, eyni zamanda, mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsidir.