Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın turizm bölgələri rusiyalı turistlərin marağındadır

16 Mart 2018
Martın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyası Dağıstan Respublikası turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Əbülfəs Qarayev Dağıstanla Azərbaycan arasında turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Nazir Azərbaycanla Dağıstan arasında yol məsafəsinin yaxınlığının, ölkəmizin müxtəlif turizm imkanlarınının, o cümlədən sağlamlıq turizminin, qış turizminin və qastronomik turizm növlərinin Dağıstan turistlərini cəlb edə biləcəyini vurğulayıb. Qeyd olunub ki, sağlamlıq turizminin inkişafı istiqamətində dövlət tərəfindən bir sıra layihələr həyata keçirilir və Qalaaltı, Naftalan, Duzdağ və Qəbələ Rusiyadan olan turistlərin marağındadır.

Əbülfəs Qarayev, eyni zamanda mayın 1-dən 31-dək Bakıda keçiriləcək “Bakı Şopinq Festival” barədə məlumat verib, festival çərçivəsində bir sıra yeniliklərin və “Tax-free” sisteminin mövcudluğundan bəhs edib və Dağıstan Respublikasının turoperatorlarını ölkəmizə dəvət edib.

Nazir Rəbiyyət Zakavova növbəti dəfə Azərbaycanda səfərdə olmağından məmnunluq duyduğunu ifadə edib. Azərbaycanla yalnız turist mübadiləsi deyil, Dağıstan turist sənayesinə kadr hazırlığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində təlimlərin həyata keçirilməsində köməklik göstərilməsi xahiş olunub.

Eyni zamanda hava, dəmiryolu, avtomobil və su nəqliyyatı vasitələrinin mövcudluğundan istifadə etməklə birgə turizm marşrutları layihələrinin işlənərək digər ölkələrdən gələn turistlərə təqdim edilməsi təklif olunub.

Nazir Əbülfəs Qarayev ölkəmizə gələn turizm şirkəti nümayəndələrinin həm paytaxt Bakı, həm də regionlara səfəri nəticəsində Dağıstandan olan turistlərin Azərbaycana təşkil olunacaq səfərlərinin daha da artmasına təsir göstərəcəyindən əminliyini vurğulayıb.