Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb

15 Mart 2018
Martın 15-də Milli Məclisin elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib ki, bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən birinci oxunuşdan sonra mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub. Konstruktiv fikir mübadiləsində 5 fəsil, 26 maddədən ibarət qanun layihəsi daha da təkmilləşdirilib. Bütün bunlar ölkəmizdə dövlətin təhsilə və gənclərə qayğısının bariz nümunəsidir.

İclasda “Peşə təhsili haqqında” qanun layihəsinin təkmilləşmiş variantı barədə ətraflı məlumat dinlənildikdən sonra müzakirələr başlanıb. Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlar Şəmsəddin Hacıyev, Musa Qasımlı, Kamilə Əliyeva, Gövhər Baxşəliyeva qanun layihəsi barədə müsbət fikirlər söyləyib, təkliflərini səsləndiriblər. Çıxışlarda vurğulanıb ki, peşə təhsili haqqında qanunun hazırlanmasından məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin həyatının tənzimlənməsi, əmək bazarında öz yerini tuta bilməsidir. Bu sənəd ən işlək qanunlardan biri olacaq və peşə təhsilinin inkişafında mühüm rol oynayacaq.

Sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müzakirədə toxunulmuş bir sıra məqamlara aydınlıq gətirib, suallara cavab verib. O, bölgələrdə peşə təhsilinin inkişafı məqsədilə inşa edilən məktəblər barədə deputatları məlumatlandırıb.

Müzakirələrin yekununda “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.