Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində və baş konsulluğunda seçki məntəqələri yaradılıb

14 Mart 2018
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 46 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.

Səfir Dursun Həsənov bildirib ki, məntəqədə səfirliyin əməkdaşları ilə yanaşı, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, Tbilisidə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Tbilisidə səfərdə olan və xidməti vəzifələrini icra edən ölkə vətəndaşları səs verə biləcəklər.

Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Azərbaycanın Batumidəki baş konsulluğunda yaradılmış məntəqədə də hazırlıq işləri başa çatıb.

Baş konsulluqdan bildiriblər ki, burada da konsulluğun əməkdaşları ilə yanaşı, seçki günü Batumidə müvəqqəti səfərdə, ezamiyyətdə olan, eləcə də bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr sərbəst şəkildə səs verə biləcəklər.