Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Naxçıvan: məntəqə seçki komissiyalarının üzvləri seminar-treninqlərə cəlb olunublar

14 Mart 2018
Bu il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar martın 12-dən başlayaraq muxtar respublikada fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər təşkil olunub.

AZƏRTAC xəbər verir ki, 4 saylı Naxçıvan şəhər seçki dairəsi dairə seçki komissiyasının iclas zalında keçirilən növbəti seminar-treninqdə dairə seçki komissiyasının sədri Cahangir Seyidov “Seçki məntəqələrinin səsverməyə hazırlanması” mövzusunda çıxış edib. Bildirib ki, seçki məntəqələrində səsvermə kabinələri və müvafiq məlumat lövhələri düzəldilməli, səsvermə qaydasına dair təlimat plakatları divara vurulmalı, səsvermə üçün zəruri olan material və avadanlıqlar yerləşdirilməlidir.

Səsvermə prosesi haqqında məlumat verən dairə seçki komissiyasının katibi Ramal Salmanov qeyd edib ki, məntəqə seçki komissiyasının sədri komissiya üzvləri arasında iş bölgüsü apararkən qanunvericiliyin tələblərini gözləməlidir. Səsvermənin başlandığı elan olunduqdan sonra məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin əvvəlcə xüsusi maye ilə işarələndiyini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə etməklə yoxlayır və içəri daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir.

Çıxışda seçki bülletenini sərbəst almaq imkanına malik olmayan seçicilərin məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadəsinin hansı hallarda mümkünlüyü haqqında da ətraflı bəhs olunub.

Ramal Salmanov səsvermə prosesindən danışarkən iki mühüm məsələ – qeydiyyatdançıxma vəsiqələri və daşınan seçki qutusu vasitəsilə səs vermək hüququ barədə də məlumat verib.

Dairə seçki komissiyasının baş məsləhətçisi Nail Həsənov səslərin hesablanması və protokolun doldurulmasının mərhələləri haqqında komissiya üzvlərini ətraflı məlumatlandırıb.

Seminar-treninqlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında keçirilib.