Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xarici investorların Azərbaycanda özəlləşdirmə prosesində fəal iştirakı üçün münbit investisiya mühiti var

14 Mart 2018
Xarici dövlətləri təmsil edən, o cümlədən Türkiyədən olan potensial investorların Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində fəal iştirakı üçün ölkədə münbit investisiya mühiti var.

Bu fikri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşdə deyib.

Əmlak komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi çərçivəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi barədə fikir mübadiləsinin aparılması, bu istiqamətdə reallaşacaq birgə layihələrdə iştirak, qarşılıqlı əməkdaşlıq və ortaq çalışmaların mümkünlüyünün müzakirəsi olub.

Komitə sədri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışıb. Bildirib ki, həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. K.Həsənov bu genişmiqyaslı islahatların, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlak idarəçiliyi sahələrinin ölkə üçün aktuallığını qeyd edib.

Görüşdə ƏMDK tərəfindən həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq əlaqələrindən, habelə daşınmaz əmlak idarəçiliyi sahəsində ölkəmizin dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamətlərdəndir. Özəlləşdirilmə prosesinin sürətləndirilməsi isə mövcud iqtisadi inkişafın dinamikliyini təmin edir. Bu istiqamətdə müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq edilir, elektron xidmətlərin sayı genişləndirilməklə əlçatanlıq artırılır, prosedurlar sadələşdirilir.

Bildirilib ki, özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar keçirilir. Bu sahədə innovativ layihələrindən biri olan, funksionallığı ilə seçilən elektron hərracların tətbiqi də Azərbaycanın özəlləşdirmə prosesi tarixində yeni mərhələnin başlanğıcı olub. Sistem dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Özəlləşdirməyə müxtəlif iqtisadi sahələri əhatə edən səhmdar cəmiyyətlər, kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, eləcə də nəqliyyat vasitələri çıxarılır. Qeyd edilib ki, əmlaklara investorların cəlb edilməsi, yatırılan sərmayənin həcminin artırılması, özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, o cümlədən bu sahədə şəffaflığın və çevikliyin təmin edilməsi məqsədilə Özəlləşdirmə portalı da fəaliyyət göstərir. Burada həmin əmlaklar barədə məlumatlar, onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi informasiyalar yer alıb.

Qeyd edilib ki, Türkiyə-Azərbaycan İş Şurası 1991-ci ildə Avrasiya İş Şuraları çərçivəsində təsis edilib. Şura iki ölkə arasında regional iqtisadi və sosial əməkdaşlığı gücləndirmək üçün “əkiz şəhərlər” yanaşması üzrə əlaqələrin qurulması fəaliyyətini həyata keçirir. Məqsəd Türkiyə və Azərbaycandan olan özəl şirkətlər və iş adamlarını toplamaqla ölkə iqtisadiyyatının inkişafını, eləcə də hər iki ölkədən olan investorlar arasında iqtisadi əlaqələrin qurulmasını təmin etməkdir.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.