Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şərurda məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilib

14 Mart 2018
Respublikamızın bütün bölgələrində olduğu kimi, muxtar respublikada da aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı bütün texniki-təşkilati tədbirlər yüksək səviyyədə başa çatıb. Bu tədbirlərin davamı kimi, 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlər keçirilir.

AZƏRTAC xəbər verir ki, treninqlərdə müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə iştirakçılara təqdimat bacarıqları, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə müfəssəl məlumat verilib. Həmçinin məntəqə seçki komissiyalarının rolu və vəzifələri, seçki bülletenlərinin təsnifatı, yekun protokolunun doldurulması və digər məsələlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr izah olunub.

2 saylı dairə seçki komissiyasının sədri İbrahim Abbasov seçkilərə hazırlığın vəziyyəti barədə danışaraq qeyd edib ki, dairə seçki komissiyası öz işini Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və Mərkəzi Seçki Komissiyasının müvafiq qərarlarına uyğun qurub.

Məlumat verilib ki, 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyası 53 məntəqəni əhatə edir. Məntəqələr zəruri ədəbiyyatlarla, seçkilərə aid dövri nəşrlərlə təmin edilib, seçici siyahılarının dəqiqləşdirilməsi xüsusi diqqət mərkəzində olub. Dairə seçki komissiyasının əhatə etdiyi məntəqələrdə seçki qanunvericiliyinə uyğun olaraq tərtib olunmuş iş planı əsasında tədbirlər davam etdirilir. Bunlardan biri də aşağı seçki komissiyaları üzvlərinin peşəkarlığının artırılması məqsədi daşıyan treninqlərdir.

2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının martın 12-dən təşkil etdiyi treninqlər 3 gün davam edəcək. Treninqlərdə informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə tədbir iştirakçılarının vəzifələrini əyani şəkildə göstərən slayd nümayiş olunur.

Qeyd edək ki, treninqlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil edilir.