Suriya artıq bölünmüş vəziyyətdədir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suriya artıq bölünmüş vəziyyətdədir

14 Mart 2018
 

Ölkədə gərginliyin artması gözlənilir

 

Yeddi ildən bəridir qanlı toqquşmalar girdabına düşmüş Suriya Ərəb Respublikasında cərəyan edən proseslər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Böhranı tənzimləmək üçün göstərilən səylər hələ ki bəslənən ümidləri doğrultmur. Suriya hökumətinin və müxtəlif müxalif qüvvələrin iştirakı ilə maraqlı dövlətlərin Cenevrə, Astana və Soçidə təşkil etdiyi danışıqlar səmərəsiz qalır. Yeganə nəticə ondan ibarətdir ki, ölkədə gərginliyin səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdür. Rusiya, Türkiyə və İranın birgə təşəbbüsü ilə əldə olunmuş atəşkəsə əsasən riayət edilir.
Bütün bunlara baxmayaraq, Suriya münaqişəsinin sonu görünmür. Başlıca səbəb odur ki, əsas xarici aktorlar danışıqlar zamanı nəticə əldə etməkdən çox planlaşdırdıqları məqsədləri reallaşdırmağa çalışırlar. Rusiya və İranın məqsədləri böyük ölçüdə üst-üstə düşür. Moskva və Tehran Suriya Prezidenti Bəşşar Əsədin yeni seçkilər keçirilənədək hakimiyyətdə qalmasını təmin etmişdir. Artıq digər aktorlar, o cümlədən ABŞ Əsədin keçid mərhələsində hakimiyyətdə qalmasına etiraz etmir. Üstəlik, Rusiya Türkiyə və İranın dəstəyi ilə münaqişənin tənzimlənməsi prosesini nəzarətə almışdır, hərçənd hər üç dövlət problemin BMT-nin himayəsi altında keçirilməsinə tərəfdardır. Türkiyənin Suriyada elə bir ciddi marağı yoxdur. Ankara Suriyanın ərazi bütövlüyünə sadiq qalmaqla bərabər, qonşu ölkədən qaynaqlanan terror təhlükəsinin qarşısını almaqda israrlıdır.
Baş verən hadisələrin gedişi göstərir ki, Suriya münaqişəsində iştirak edən xarici aktorların heç də hamısı böhranın tənzimlənməsinə elə bir maraq göstərmir, hər şeydən əvvəl öz maraqlarını reallaşdırmaq istiqamətində fəaliyyət göstərir. Söhbət ilk növbədə ABŞ və onun avropalı müttəfiqlərindən - Böyük Britaniya və Fransadan gedir. Vaşinqton Suriyanı parçalamaq planını həyata keçirir.
ABŞ Suriyanı parçalamaq niyyətini çoxdan, hələ 2006-cı ildə ovaxtkı dövlət katibi Kondoliza Raysın dili ilə açıqlamışdı. Ölkədə silahlı qarşıdurma başlayandan sonra Vaşinqton vəziyyətə müdaxilə edib əsas məqsəd kimi İŞİD terrorçu təşkilatına son qoymağı bəyan etmiş və bundan sonra ölkədən çıxacağını bildirmişdi. İŞİD-in “paytaxt”ı - Rəqqə ABŞ və PKK terrorçu təşkilatının uzantısı olan YPG-nin birgə keçirdiyi əməliyyat nəticəsində praktiki olaraq məhv edildi. Lakin Vaşinqton Suriyada elan etdiyi məqsədinə nail olsa da, ölkə ərazisini tərk etməyəcəyini, münaqişə həll edilənədək burada qalacağını bəyan etdi.
Rəqqə əməliyyatından sonra ABŞ-ın Suriyada gerçəkləşdirmək istədiyi məkrli planın cizgiləri açıq-aydın göründü. Artıq heç kimdə şübhə yoxdur ki, Vaşinqtonun əsas məqsədi heç də İŞİD-i məhv etmək, münaqişəni nizamlayıb ölkədə sülhü və əmin-amanlığı bərpa etmək deyil. ABŞ bu ilin yanvarında Rusiyanın Soçi şəhərində keçirilmiş Suriya Milli Dialoq Konqresinin nəticəsiz qalması üçün əlindən gələni etdi. Belə ki, onun dəstəklədiyi müxalif qruplar Soçiyə getməkdən imtina etdilər. Ümumiyyətlə, Ağ ev Rusiya-Türkiyə-İran üçlüyünün böhranı tənzimləmək naminə atdığı addımları, daha doğrusu, Astana və Soçi proseslərini əhəmiyyətsiz elan edir, əsas diqqəti Cenevrə danışıqlarına yönəltməyi məqsədəuyğun sayır.
İndi heç kimə sirr deyil ki, ABŞ-ın Suriya planı ölkənin kürdlər yaşayan ərazisini işğal edib burada oyuncaq kürd dövləti yaratmaq və bu forpostdan istifadə edib Türkiyə və İranı təzyiq altında saxlamaqdan ibarətdir. Artıq bu istiqamətdə xeyli iş görülmüşdür. Suriya ərazisinin 30 faizə yaxını hazırda ABŞ-YPG/PKK-nın nəzarəti altındadır. İşğal olunmuş ərazi əsasən Fərat çayının şərqində yerləşir. Ölkənin enerji ehtiyatlarının 50 faizi burada cəmləşib.
İşğalçılar Fəratın qərbinə də keçmişlər: Mənbic şəhərinə və onun ətrafına da ABŞ-YPG/PKK qüvvələri nəzarət edir. Türkiyə Fəratı “qırmızı xətt” elan etmişdi və YPG/PKK terrorçularının çayın qərbinə keçəcəyi halda vəziyyətə müdaxilə edəcəyini bildirmişdi. Lakin nə ABŞ, nə də YPG/PKK xəbərdarlığa məhəl qoydu. Vaşinqton terrorçuları çayın şərqinə qaytarmağa söz vermişdi. Amma bu, söz olaraq qaldı. Üstəlik, ABŞ özünün xüsusi təyinatlı dəstələrini Mənbicdə yerləşdirdi və buradan çıxmayacağını bəyan etdi. Ona görə də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə 2016-cı il avqustun 24-dən 2017-ci il martın 29-dək “Fərat qalxanı” əməliyyatını həyata keçirərək Suriyanın şimalında 2 min kvadratkilometrlik ərazini İŞİD terrorçularından təmizləyib nəzarət altına aldı və nəticədə işğalçıların Suriyanın qərbinə doğru irəliləməsinin, həmçinin YPG/PKK qüvvələrinin digər terror yuvası - Afrin bölgəsi ilə birləşməsinin qarşısı alındı. Əks təqdirdə, Türkiyənin Suriya ilə sərhədi boyunca terror dəhlizinin yaradılması reallığa çevrilə bilərdi.
Əldə olan məlumata görə, ABŞ Suriyanın şərqində artıq 20 hərbi baza inşa etmişdir. Elə təsəvvür yaranırdı ki, Vaşinqton bununla kifayətlənəcək və ölkənin şərqində möhkəmlənməkdə davam edəcək. Lakin bu il yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri ASO ilə birlikdə Suriyanın şimalında “Zeytun budağı” əməliyyatı başlayandan sonra ABŞ türkiyəli hərbçilərin Afrində səngərlənmiş YPG/PKK terrorçularına endirdiyi sarsıdıcı zərbələrdən narahatlıq ifadə etməyə başladı: guya ki, Afrinin dinc əhalisi antiterror əməliyyatından əziyyət çəkir. Vaşinqton həmçinin əməliyyatı zaman baxımından məhdudlaşdırmağı tələb edirdi. Lakin Ankaranın bu tələbə cavabı birmənalı oldu: əməliyyat son terrorçu zərərsizləşdirilənədək davam edəcək.
Son günlər cərəyan edən hadisələr göstərir ki, ABŞ Böyük Britaniya və Fransanın dəstəyi ilə Suriya hökumət qoşunlarının nəzarət etdiyi ərazilərə hava hücumu həyata keçirmək üçün bəhanə axtarır. Söhbət ilk növbədə paytaxt Dəməşqin yaxınlığında yerləşən Şərqi Qutə bölgəsindən gedir. Suriya hökumət qoşunları xeyli vaxtdır bu bölgədə fəaliyyət göstərən “Cəbhə ən-Nüsrə” terrorçu təşkilatına qarşı əməliyyat keçirir və əməliyyat başa çatmaq üzrədir. Qərb KİV-i Suriya ordusunun və onun müttəfiqlərinin bölgəni intensiv olaraq bombardman etməsi, nəticədə çoxsaylı insan tələfatı barədə xəbərlər yayır. Hökumət qoşunlarının kimyəvi silah tətbiq etməsi də iddia olunurdu. Lakin Suriyada kimyəvi silah cəbbəxanası tamamilə məhv edildiyindən bəhanə tapmaq mümkün olmadı.
İndi isə Vaşinqton Şərqi Qutədə yaranmış humanitar vəziyyətdən “narahat”dır. ABŞ bölgədə atəşi dayandırmağı tələb edir və xəbərdarlıq edir ki, BMT buna nail ola bilməsə, Pentaqon hərəkətə keçəcək. Bəzi analitiklərin fikrincə, Vaşinqton Suriya ordusunun mövqelərinə hücum etməklə onu zəiflədib iflic vəziyyətə salmaq, İŞİD və “Cəbhə ən-Nüsrə” terrorçu təşkilatlarının güclənməsinə şərait yaratmaq və nəticə etibarilə ölkəni, 2015-ci ildə olduğu kimi, yenidən qan gölünə çevirmək məqsədi güdür.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”