Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mütəxəssislərin rəyi əsasında Bayıl yamacındakı evlərin taleyi ilə bağlı qərar veriləcək

14 Mart 2018
 

Bayıl yamacında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüşdə çıxış edərək yamacdakı məlum hadisələrlə bağlı orada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədilə bir sıra təxirəsalınmaz tədbirlərin görüldüyünü söyləyib. O deyib ki, insanlar təhlükəli zonadan vaxtında köçürülüb, müvəqqəti sığınacaq yaradılıb. Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq,  dövlət tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınıb və bu işlər həyata keçirilib. Evləri tam uçmuş vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcək. Hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar veriləcək.

Görüşdə iştirak edən vətəndaşların sualları cavablandırılıb. Onlar bu məsələnin həllinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Sonda sürüşmə ərazisindən köçürülən insanlara Novruz sovqatları təqdim olunub.