Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan nümayəndə heyəti İranda müzakirələri davam etdirir

13 Mart 2018
İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın səhiyyə, müalicə və tibb təhsili naziri Həsən Qazizadə Haşimi ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığın digər sahələrlə yanaşı, səhiyyə sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Şahin Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında Memorandum imzalanıb, Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Azərbaycanın iqtisadiyyat naziri vurğulayıb ki, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində birgə elmi tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

 

AZƏRTAC