Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Osman Gündüz: Azərbaycanda seçki prosesində İKT-nin imkanlarından geniş istifadə olunur

13 Mart 2018
Azərbaycanda seçki prosesində informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə istiqamətində yetərincə addımlar atılıb.

Bu barədə sechki-2018.az saytına açıqlamasında Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Azərbaycanda seçkilərdə İKT-nin imkanlarından geniş istifadə təcrübəsinin formalaşdığını vurğulayan O.Gündüz qeyd edib ki, son illərdə Mərkəzi Seçki Komissiyası ilə bütün seçki dairələrini birləşdirən şəbəkə qurulub. Bu şəbəkə ölkədə ən güclü, dayanıqlı sistemlərdən biridir. Həmin şəbəkə vasitəsilə məlumatlar mütəmadi olaraq mərkəzə ötürülür, seçkinin gedişi ilə bağlı informasiyalar operativ şəkildə mediaya açıqlanır.

Forumun rəhbəri seçki məntəqələrində veb-kameraların quraşdırılmasının önəmli addım olduğunu vurğulayaraq deyib: “İnsanlar bu veb-kameralar vasitəsilə seçki prosesini canlı müşahidə edə bilər. Bu, seçkinin şəffaflığının təmin edilməsində səmərəli infrastrukturdur. Yəni bu texnologiyanın sayəsində hər kəs seçkidə ictimai nəzarətçi rolunu oynaya bilər. Aprelin 11-də keçiriləcək prezident seçkilərində də müasir texnologiyalardan səmərəli istifadə ediləcək. Artıq yerli komissiyaların əməkdaşlarına İKT-dən istifadə ilə bağlı təlimlər keçirilir”.