Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Seçkilərin şəffaf və qanunamüvafiq keçirilməsində treninqlərin də böyük rolu var

13 Mart 2018
Səkkiz saylı Binəqədi I seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər davam edir.

AZƏRTAC xəbər verir ki, treninqlərin ikinci günündə 12 məntəqə seçki komissiyasından 72 nəfər iştirak edib.

Dairə seçki komissiyasının sədri Natiq Əliyev çıxış edərək treninqlərin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, seçkilərin şəffaf və qanunamüvafiq keçirilməsində treninqlərin də böyük rolu var. O, dairə üzrə 39 seçki məntəqəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq deyib ki, seçki dairəsi üzrə seçici sayı 47 min 840-dır. Seçicilərin 46 faizini kişilər, 54 faizini isə qadınlar təşkil edir. Seçki dairəsi üzrə 100 yaşdan yuxarı bir seçici qeydə alınıb.

Bildirilib ki, dairə üzrə bütün seçki məntəqələri Mərkəzi Seçki Komissiyası tərəfindən zəruri avadanlıqla təchiz edilib. Namizədlərin təşviqatı üzrə hər cür şərait yaradılıb. Seçicilərin rahat, sərbəst şəkildə səs vermələri üçün seçki dairəsi üzrə bir neçə məntəqənin dislokasiyasında əlavə və dəyişikliklər edilib. Artıq dairə seçki komissiyaları və seçki məntəqələrinə yaxın ərazilərdə istiqamətverici nişanların vurulmasına başlanılıb.

Sonra aşağı seçki komissiyaları üçün keçiriləcək seçki hüququ üzrə ixtisaslaşmış kurslarda treninqlərin aparılmasına məsul trenerlər Faiq Əliyev, Ülvi Bayramov və Məhəmməd Əliyarovun məlumatları dinlənilib, elektron materialların şərhi təmin edilib. Bildirilib ki, martın 15-dək davam edəcək treninqlərdə bütün məntəqə sədrləri, katibləri və üzvləri hissə-hissə iştirak edirlər.