Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Türkiyə iş adamları Ukraynada iri layihələr reallaşdırırlar

13 Mart 2018
Azərbaycan ərazisinin 20 faizinin 25 ildən artıqdır ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanması iqtisadi inkişafa əngəllər yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan və Türkiyə iş adamlarının birgə forumunda çıxışı zamanı ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional əməkdaşlığın inkişafına ciddi maneə, regionda sülhə, əmin-amanlığa ən ciddi təhdiddir. “Bu çətinliyə baxmayaraq Azərbaycan son 10-15 ildə iqtisadi nailiyyətlər əldə edib, bir sıra beynəlxalq iqtisadi layihələrə imza atıb. Azərbaycanın və Türkiyənin birgə iri layihələri regionun inkişafına, əlavə iqtisadi dividentlərin əldə olunmasına çox böyük töhfə verir”, - deyə səfir əlavə edib.

A.Xudiyev bildirib ki, Azərbaycan və Türkiyə iş adamları Ukraynada artıq iri layihələr reallaşdırırlar və burada onlar üçün əlverişli şərait yaradılıb. Çünki Ukrayna Azərbaycan və Türkiyənin strateji tərəfdaşıdır. Səfir dünyanın harasında yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan və türk diaspor təşkilatlarının, icmalarının və iş adamlarının bir-birilərinə dəstək vermələrinin vacibliyini vurğulayıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir” kəlamlarını xatırladan diplomat, Ukraynada çalışan azərbaycanlı və türk iş adamlarının birgə fəaliyyət proqramı hazırlamalarının tarixi əhəmiyyətindən bəhs edib.

Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev çıxışında bildirib ki, Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada yol, tikinti və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər. Bu işdə Azərbaycan dövlətinin daim dəstəyini hiss etdiyini qeyd edən Ə.Əliyev növbəti illərdə də iş adamlarının fəal çalışacaqlarını bildirib.

Sonra çıxış edən Ukrayna Türk İş Adamları Dərnəyinin başqanı Burak Pəhlivan, Türkiyənin Ukraynadakı səfirliyinin ticarət müşaviri Haydar Koçak bu cür forumların keçirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, dövlətlərimizin gücünü və qüdrətini artırmaq üçün birliyə və həmrəyliyə böyük ehtiyac var.

Tədbirin sonunda Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin fəxri diplomu ilə mükafatlandırılıb.