Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aşağı seçki komissiyalarının üzvləri seçki prosesinin aparılma qaydaları barədə məlumatlandırılırlar

13 Mart 2018
Prezident seçkilərinə hazırlıq çərçivəsində aşağı seçki komissiyaları üçün martın 12-dən başlanan maarifləndirici treninq 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində də yüksək səviyyədə aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, treninqlər günün birinci və ikinci yarısında keçirilməklə hər gün 12 məntəqənin üzvləri üçün dairə seçki komissiyasının (DSK) inzibati binasının iclas zalında təşkil olunur. Bütün lazımi əyani vastələrlə təchiz edilən zalda mövzular DSK-nın sədri, katibi və baş məsləhətçisi tərəfindən keçirilir.

Treninqlərdə komissiya üzvlərinə məntəqə seçki komissiyalarının hüquq və vəzifələri, seçkilərdə aşkarlıq, seçki prosesinin aparılma qaydaları, seçki nəticələrinin rəsmiləşdirilməsi mövzuları Seçki Məcəlləsi əsasında ətraflı izah olunur.

Seçkilərin Seçki Məcəlləsinə uyğun azad, demokratik və şəffaf keçirilməsində aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsinin əhəmiyyətindən danışan DSK sədri Azad Dursunəliyev AZƏRTAC-ın müxbirinə deyib: “87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin 63 məntəqəsindən Mərkəzi Seçki Komissiyasının (MKS) təşkilatçılığı ilə keçirilən treninqlərə 378 nəfər cəlb olunacaq. İlk iki gündə - martın 12-13-də maarifləndirici tədbirdə 135 nəfər komissiya üzvü iştirak edib”.

DSK-nın sədri bildirib ki, keçirilən hər mövzunun yekununda seçki komissiyaları üzvlərinin sualları ətraflı izah olunur, protokol nümunələri vasitəsilə əyani iş aparılır.

Qeyd edək ki, treninqlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunur.