Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Parisdə Azərbaycanın yükdaşımaların təşkili və təhlükəsizliyinin təmini sahəsində təcrübəsindən danışılıb

13 Mart 2018
Parisdə yüklərin təhlükəsizliyinin təmin edilməsi mövzusunda keçirilən seminarda Azərbaycan Respublikasında yükdaşımalarının qabaqcıl təcrübəsi barədə danışılıb.

Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda DMAA-nın Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev və sektor müdiri Elçin Sadıqzadə iştirak ediblər.

Seminarda çıxış edən Mübariz Əliyev tədbir iştirakçılarına müxtəlif çeşidli yüklərin qəbulu, emalı, rəsmiləşdirilməsi və daşınması imkanları, soyuducular, onların həcmi və temperatur rejimi, tez xarab olan yüklər üçün sahələr, qiymətli malların saxlanc otaqları, təhlükəli yüklərin yerləşdirmə imkanları və saxlanc sahələri, poçt və diplomatik poçta ayrılmış sahələr haqqında geniş məlumat verilib. Seminar iştirakçılarına 2015-2017-ci illər üzrə yük və poçtdaşımalarına dair statistik məlumat təqdim edilib, milli və xarici yük aviaşirkətləri barədə geniş məlumat təqdim olunub.

Tədbirdə iştirak edən Qazaxıstan Respublikasının nümayəndələri Azərbaycan Respublikasında yükdaşımaların təşkili və təhlükəsizliyinin təmini sahəsində əldə edilmiş qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə cari ilin may-iyun aylarında Bakıya səfər etmək və bu barədə DMAA-ya rəsmi müraciət etmək niyyətində olduqlarını bildirdilər. Azərbaycan nümayəndələri əldə edilmiş qabaqcıl təcrübə ilə bölüşməyə və normativ-hüquqi sənədlərin hazırlanmasında metodiki köməkliyin göstərilməsinə hər zaman hazır olduqlarını bildirdilər.

Qeyd edək ki, cari il yanvarın 8-12-də Avropa Mülki Aviasiya Konfransı tərəfindən Azərbaycan Respublikasında yükdaşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsi üzrə audit yoxlaması keçirilib. Keçirilən auditin müsbət nəticələrini nəzərə alaraq, ECAC Katibliyi Azərbaycan Respublikasında yükdaşımalarının qabaqcıl təcrübəsi barədə 20-30 dəqiqəlik təqdimatın hazırlanmasını və martın 6-7-də Parisdə keçirilən seminarda təqdim edilməsi xahişi ilə müraciət etmişdi.