Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident seçkilərinə hazırlıq prosesi ədalətli, şəffaf və obyektiv gedir

13 Mart 2018
 

Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə ilk növbədə azad, ədalətli və obyektiv seçkilərin təşkilidir.

Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyi də olmalıdır. Ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılıb.
Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər ilk növbədə seçki prosesinin müasir dövrdə daha da təkmilləşdirilməsinə, seçki resurslarından daha səmərəli istifadə olunmasına xidmət edib. Seçki Məcəlləsi ilə bağlı gerçəkləşdirilən yeniliklər bütövlükdə seçki institutunun daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, seçici siyahılarının dəqiqləşdirilməsinə, seçkiləri müşahidə prosesinin asanlaşdırılmasına, seçkilərin daha şəffaf, demokratik şəraitdə keçirilməsinə, namizədlərin təbliğat-təşviqat, vətəndaşların seçki hüququnun reallaşdırılması imkanlarını yaxşılaşdırmağa xidmət edib.
Azərbaycanda demokratik seçkilərin keçirilməsinə mühüm önəm verilib və bu məqsədlə müxtəlif siyasi partiyalar, beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanlar yaradılıb. Seçki məntəqələrində seçicilərin sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması diqqət mərkəzində saxlanılıb. Hər zaman seçkiqabağı kütləvi tədbirlərin, görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər təyin olunub. Təbliğat-təşviqat kampaniyası başlayana qədər həmin yerlər müəyyənləşdirilib, hamı üçün bərabər şərait yaradılıb.
Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilib.
Hər bir seçki və referendum ölkəmizdə demokratik seçki praktikasının təkmilləşdirilməsi, seçki təcrübəsinin artırılması ilə əlamətdar olub. Seçkilərin şəffaflığını təmin etmək üçün hətta böyük demokratiya tarixi olan ölkələrdə tətbiq olunmayan mexanizmlərdən, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilib.
Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Artıq 7 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq edib. Dünən isə seçki prosesinin namizədliyin irəli sürülməsi mərhələsi başa çatıb. Seçki qanunvericiliyinə əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, seçkiqabağı təşviqat 2018-ci il martın 19-u başlayacaq və aprelin 10-u saat 8:00-da başa çatacaq.
İstənilən seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin ölkədə cəmiyyətin demokratik mühitinin yüksək olması mənasını verir. Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi məqsədilə kifayət qədər müasir tələblərə uyğun qanunvericilik bazası mövcuddur. Bununla yanaşı, seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb, seçki komissiyaları müasir texniki avadanlıqlarla təchiz edilib.
Bütün seçki proseslərində olduğu kimi, MSK yenə də müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı layihələr gerçəkləşdirməkdədir. Belə ki, MSK ikimərhələli treninq proqramı hazırlayıb. Müxtəlif metodiki və əyani vasitələrdən istifadə edilməklə keçirilən “Trenerlər üçün treninq”də iştirakçılara təqdimat bacarıqları, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla bütün səsvermə günü prosedurları barədə müfəssəl məlumat verilib. Həmçinin MSK-nın Treninq qrupunun mütəxəssisləri tərəfindən çoxsaylı praktiki məşğələlər keçirilib.
Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqi isə martın 12-dən başlayaraq seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq qaydada, təqribən on gün davam edəcək. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin daha da artırılması məqsədilə MSK-nın treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb və treninqlərin əyani vəsaitlərdən də istifadə edilməklə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulub.
Aşağı seçki komissiyaları üzvlərinin treninqi zamanı hər bir məntəqə seçki komissiyası üzvünə təqdim edilməsi məqsədilə həmçinin “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri də hazırlanıb. Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlərin ümumilikdə 32000-dən artıq komissiya üzvünü əhatə etməsi nəzərdə tutulur.
Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən mühüm amillərdən biri də seçici siyahılarıdır. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. MSK-nın bilavasitə rəhbərliyi altında ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çoxəhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub. Dəqiqləşdirməyə ölkə üzrə bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca həm Daxili İşlər Nazirliyi, həm Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib. Yüksək texnoloji və interaktiv mübadilə seçici siyahılarının dəqiqləşdirilməsi və ümumiləşdirilməsi proseslərini daha da sürətləndirib, seçicilər barədə məlumatların ətraflı toplanması, bütün daxil edilənlərin orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilməsi, habelə seçici siyahılarının keyfiyyətlə hazırlanmasını və çap edilməsini təmin edib.
Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5192042 seçici daxil edilib.
Seçkilərlə əlaqədar MSK-nın “Seçki - 2018” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb. Yüksək tələblərə cavab verən zəruri texniki avadanlıqlarla təchiz edilmiş mərkəzin yaradılmasında başlıca məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir. 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını mərkəzdə yerləşdirə bilərlər.
Bununla yanaşı, prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə “Azərbaycan” qəzeti daxil olmaqla bir neçə KİV-də şərait yaradılacaq.
Bütün deyilənlər bir daha təsdiq edir ki, seçkilərə hazırlıq posesi ədalətli, şəffaf və obyektiv gedir. Əminliklə söyləyə bilərik ki, budəfəki prezident seçkiləri də müasir və demokratik standartlara uyğun şəkildə həyata keçiriləcək, vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”