Səmimiyyət və ünsiyyət şairi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səmimiyyət və ünsiyyət şairi

13 Mart 2018
 

Bədii yaradıcılığa XX əsrin 50-ci illərində gələn Cabir Novruzun “Görüş” adlı ilk şeiri 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap olunub. “Mənim muğamatım” adlı ilk şeir kitabı isə 1959-cu ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb.

Cabir Novruz lirik “Mən”i olan sənətkar idi. Onun poeziyası üçün leksik və sintaktik təkrirlər, lirik-psixoloji ovqat, fikir və düşüncə, xüsusi danışıq təhkiyəsi, emfatik vurğular (xitab, nida, əmr intonasiyası), qafiyə tezliyi və dəyişkənliyi səciyyəvi xüsusiyyətdir. C.Novruz səmimiyyət və ünsiyyət şairi idi. Onun poetik sözü həyəcanlıdır, daxili aləminin səsi şeirlərinin nəbzində vurub. Milli ədəbi dildən ustalıqla istifadə edib.
C.Novruz poeziyasında xəyal, təsəvvür, xatirə, təəssürat, qavrayış - hissi idrak səviyyəsi daha geniş rol oynayıb, birinci şəxsin təhkiyəsinə bağlılıq, xitab, münasibət, həsbi-hal, monoloji, dialoji tərəfdaşlıq, lirizm bolluğu çoxluq təşkil edib. C.Novruz avtoportret şairidir. Özünü dərindən ifadə edib, özünüetiraf şeirlərində güclü olub. “Mənim nəslim”, “Haçan ki dönərəm o doğma kəndə”, “Qar yağır”, “Unudulmuş kənd”, “Qalxdım dağlara”, “Onda külçə idim, şeir külçəsi”, “Bulaq suyu, dağ havası”, “El içində unudurlar”, “Dəyişdirmərəm”, “Sən gələndə” və başqa bədii nümunələrində sənətkarın tərcümeyi-halı aydın görünür.
Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü ildə Xızı rayonunun Upa kəndində doğulub. 1947-1951-ci illərdə M.Ə.Sabir adına Pedaqoji Texnikumunda, bir il ADU-da oxuduqdan sonra Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Bakı qəzeti”ndə ədəbi işçi, “Azərbaycan” jurnalında şöbə müdiri, baş redaktor,”Ulduz” jurnalında, “Ədəbiyyat qəzeti”ndə baş redaktor, Azərbaycan Yazıçılar Birliyində katib olub, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının deputatı kimi fəaliyyət göstərib. SSRİ yazıçılarının qurultaylarına nümayəndə seçilib. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olub.
C.Novruzun poeziyasında mətn əsasən bir predmetlə bağlı olub, obyekt dəyişməyib. Onun şeirlərinin nəqletmə, mühakimə təhkiyəsində fəlsəfi-əxlaqi məziyyətdən çox psixologizm keyfiyyəti güclü olub. Onun şeir mətnində çarpaz, məsnəvi və qurşaq qafiyələr aparıcıdır. Az hallarda bayatı qafiyələrdən istifadə edib.
“Gecə qatarlar keçər”, “Poza bilmərəm”, “Sənin məhəbbətin”, “23 yaşım”, “Füzuli”, “Təki dava olmasın”, “Deməyin nə sözdü, nə söhbətdi bu”, “Şair dostlarıma” və başqaları 1950-ci illərin şeirlərindən olub bədii təəssüratın nəticəsidir.
C.Novruz 1960-cı illərdə “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər” kitablarını çap etdirib.
1960-1980-ci illərin şeirlərində dünyaya baxış Azərbaycandan başlayıb. O, doğma torpağı şeir qədər müqəddəs bilib, onu tərənnüm edib. Doğma yurdu şair üçün vətənpərvərliyin beşiyidir. Dil, musiqi, saz və sözdür. Azərbaycan şair üçün “Yer üzündə bir ölkədir” - mənalı rəssamlıq əsəri, adını tarixlərə nəqş etmiş şəxsiyyət, rəssam qəlbli təbiətin özüdür. “Mənim muğamatım”, “Dəryaları yavaş-yavaş quruyan dünyam”, “Beşmərtəbə”, “Mən göz açdım adın ilə”, “Nə qədər ki sağam”, “Batan buruğun xatirəsinə” şeirləri vətən mövzusundadır.
Sənətkar şeirlərində dünyadakı haqsızlıqlara güclü etiraz edib, ölkələrin silahlarla yüklənməsindən qeyzə gəlib. Bu baxımdan “Ulu dünya, hayıfsan”, “Doludur dünya”, “Sərt üzündən tanıdım”, “Dünya necə dünyadır”, “Dəryaları yavaş-yavaş quruyan dünyam”, “Bir dünyam var” və başqa şeirlərində dünyanın silahlanmasına, vəfasızlığına, müəmmalarına, adiliklərinə və heyrətlərinə fərdi münasibət bildirib:

Ulu dünya, gözəl dünya, hayıfsan,
Nə yaxşı ki hələ sağsan, dirisən...
Heç nə qədər raketin var, sayıbsan?
Heç nə qədər silahın var, bilirsən?..

C.Novruz uşaq, kənd, şəhər mövzusunu şeirlərində daim əks etdirib, onların surətini rəsmləşdirib. Bu obyektlər sənətkarın portreti üçün zəmin olub. Şairin təsəvvürü, xəyal və ovqatı kara gəlib, bacı, qardaş, ata, ana, nənə, baba, nəsil təsvir predmeti götürülüb, etnoqrafik cizgilər şeirlərin lirik müəyyənliyini təmin edib. Müharibə mövzusu şairin xəyalından keçib. Atasının cəbhəyə yola düşməsi, ayrılığın çətin anları, ağlayan qoca qarı, sakit-sakit yağan qar xəyalını ləpələyib.
C.Novruzun yaradıcılığında ana-övlad mövzusu mühüm yer tutur. Onun “Mən bizim anaları günəşlə tən tuturam”, “Anam Qızılgülə”, “O kiçik kəndinə sığışan anam”, “Gözüm görə-görə qocalır anam”, “Ana muzeyləri yaradaq gəlin”, “Ən əziz, ən şirin, ən acı günlər”, “Qətran kimi qara saçlar ağarıb tamam”, “Həmidə xalanın xatirəsinə”, “Bilmirəm”, “Bir ana qucağında bir körpə aparırdı”, “Mənim ölməz şeirlərim”, “İnana bilmirəm”, “Mənim nəyim çatışmır”, “Anam, can vermə, can vermə” (1987), “Bundan belə” (1987), “Onun təki” (1987), “Qara gözlüm” (1986) kimi şeirlərində şairin ana-övlad məhəbbətinin bədii ifadəsi təsirlidir. “Mən bizim anaları günəşlə tən tuturam” şeirində şair əyilməz analara sevgi dolu mahnılar oxumaq istəyib.

Mən bizim analara həyat səsi deyirəm,
Bir ümman dərinliyi, dağ zirvəsi deyirəm.
Hər əzaba tab edən, hər zəhmətə qatlaşan,
Torpaq ilə döyüşdə tunclaşan, poladlaşan,
Qabarlı əllərilə bizə şöhrət gətirən
Qızıl bayraq gətirən, qızıl hörmət gətirən
O əlləri qızıla mən tutmaq istəyirəm,
Onların heykəlini yaratmaq istəyirəm.

C.Novruzun “Bir ana qucağında bir körpə aparırdı” şeiri lirik-epik başlanğıcdadır. Burada səmimi bir lövhə yaradılıb. Bir ana qucağında körpə aparır. Ətraf ona diqqət kəsilib. Bütün şəhər elə bil bu lövhəyə dalıb, bir ana qucağında bir körpə aparır. Şair bu halı diqqətlə, duyğu və düşüncələrinin bütün rəngləri, hərarətiylə müşahidə edib. Bu körpəyə ad gəzirlər, beşik axtarırlar, başına dönüb qadasını alırlar. Nənə yorğanını bərk-bərk qucaqlayıb, xalası bələyinə gözmuncuğu bağlayıb, əmisi əsgər kimi dalınca yeriyir. Şair dünyaya gələn insan övladını əziz tutur. Bu körpə nə qədər arzu və istəklərin təzəliyidir! C.Novruz şeiri romantikasız, uçuşsuz deyil.
Sənətkar 1960-1990-cı illərin şeirlərində uşaqları, həm də uşaqlıq çağlarını tərənnüm edib. “Bir yaşım”, “Adım gəldi bu dünyaya”, “Verin mənə o uşaqlıq illərimi siz”, “Firuzə”, “Uşaqlara borcluyam”, “Xoş gəlmisən”, “Ramilə”, “Baharsız balalar”, “Ağasının dənizi”, “Laylay”, “Bapbalaca bir gəlinsən”, “Böyüməyə tələsmə” şeirlərində uşaq həyatının ovqatı, vərdişləri, duyğu və düşüncələri təbii əks olunub.
Ata-övlad məhəbbətinin səmimi ifadəsi “Mənim ölməz şeirlərim” üçün səciyyəvidir. Müşfiq, Vüqar, Mirzə - şair oğulları bir şeir, bir nəğmədir onun nəzərində. Məsnəvi qafiyəli şeirdə yüksək ahəng, səmimiyyət, güclü ata-övlad məhəbbəti təsirli ifadəsini tapıb.
C.Novruz epik süjet və təhkiyədən uzaq şairdir, başdan-başa hissiyyatlı lirikdir. Onun səmimi poeziyasında ümumən bir insan obrazı var. Bu, onun özündən başlayıb lirik-psixoloji ovqatda bütün insanlarda davam edir. Belə başlanğıc körpə, uşaq, gənc, qoca, müdrik, kəndli, əkinçi, fəhlə, alim, müəllim, həkim, neftçi, mühəndis və b. insanın maddi həyat təsvirindən çox onların lirik-psixoloji, mənəvi-ruhi aləminə aiddir. C.Novruz lövhə, təsvir, epik təhkiyə yox, lirika ustasıdır. “Ürək”, “O insanlar hardadır”, “Qoruyun”, “Çətindir, asandır”, “Mənim qoca babam belə deyərdi”, “İnsan... İnsan”, “Gəlib-gedir insanlar” (1986), “Tələsin, insanlar, gecikin, insanlar”, “Hər yerdə insanlar sevinirdilər”, “Dənizdə insanlar gözəl görünür”, “Dünyanın”, “Gələnlər, gedənlər, qalanlar” və s. şeirləri ümumən insan obrazının ehtizazlı nümunələridir.
1970-1977-ci illərdə sənətkar “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri” kitablarını çap etdirib. Şair həyat, kainat, dünya, insan və insanlığa poetik çağırışla səslənib. “Ömür keçir karvan kimi”, “Ulu dünya, hayıfsan”, “Anam vardı, dünyam vardı” kitabları C.Novruzun 1980-ci illərdə nəşr edilmiş toplularıdır. Sənətkar məhəbbət mövzusunda da qiymətli şeirlərin müəllifidir, ana təbiəti vəsf edən əsərlər yazıb. “Kəlbəcərin dağlarında turac gördüm”, “Ceyranbatan gölünə”, “Çölləri varaqlayarkən”, “Xəzərindir” (1956), “Maralgöl sükutu” (1972), “Yaşasın insan”, “Getdim dağlardan, gəldim dağlara” və başqa şeirlərində müəllif gəzib-gördüyü yerləri kitab-kitab vərəqləyib, Ceyranbatan gölünü Xəzərin nəvəsi bilib, Maralgölün sükutuna dalıb, Xəzərin heyranı olub və s.
1990-cı illərdə C.Novruz “Vətən əbədi qoruqdur” (1992), “Özünü qoru, xalqım” (1996) kitablarını çap etdirib. Vətəndaş şair Milli Məclisin deputatı kimi 20 Yanvar, Xocalı hadisələrinə etiraz səsini ucaldıb, xalqın faciəli həyatını bütün hissiyyatları ilə ifadə edib. “Özünü qoru, xalqım”, “Azərbaycanı sevin, sevin Azərbaycanı” şeirlərində xalqı birliyə çağırıb. Onun “Kaş millətdə ruh yaşasın” şeirində milli ruh, milli şüur yanğısı təsirli ifadə edilib.
Cabir Novruzun şeirlərində əslə, kökə bağlılıq həmişə güclü olub. “Məni taparsınız şeirlərimdə”, “Məni tonqalda yandırın” nümunələrində Qarabağ dərdlərinin ifadəsi təsirlidir. Şair millətə və dövlətə etinasızlıqla, xalq malını talayanlarla barışa bilməyib (“Nədir bu millətin günahı, Allah”, “Dözmək olmur daha, xalqım”).
C.Novruzun “Xalq”, “Vətəni qorudun, sənindir”, “Olum, ölüm vaxtı gəlib”, “Haray, məmləkətim”, “Yurduna ağlayan ana”, “Dərd, şəhidlik”, “Azərbaycan dərdi”, “Qarabağ”, “Ana, qurban olum dualarına” şeirlərində Qarabağın azadlığı, torpaq-ərazi birliyi yanğıyla ifadə olunub.
Vətənpərvər şairin poemaları da lirikdir, epik süjet planında deyil. “Əli Kərim xatirəsi”, “Qərbi Berlin”, “İnsan himnləri”, “İtmiş kəndin nağılları”, “Azərbaycan”, “İnsan məhəbbəti”, “Cəfərlə görüş” poemaları vətən təəssübkeşliyi, humanizm və beynəlmiləlçilik mövzularındadır.
C.Novruz tərcüməçiliklə də məşğul olub. Onun Y.Bukovdan (“Səməd”), Y.İsayevdən (“Yaddaşın məhkəməsi”, “Yaddaşın üfüqləri” (1984), S.Marşakdan (“Yekə cib”, 1964), B.Oleynikdən (“Torpaq üstə dayanmışam”, 1980), R.Rojdestvenskidən (“Sizin üçün yaşayıram”, “Mənim şair dostum”), O.Süleymenovdan (“Şəhriyarın nəfəsi”) tərcümələri maraqla qarşılanıb.
2000-ci illərdə C.Novruzun “İnsanı tanımaq olmur” (2001), “İtmiş əlyazmalar” (2005) kitabları çap olunub. Prezident sərəncamı əsasında seçilmiş əsərləri isə 2004-cü ildə nəşr olunub.
Cabir Novruz XX əsr Azərbaycan poeziyasında yeri və mövqeyi olan sənətkardır. Onun bədii yaradıcılığı tədqiqat predmeti olub, haqqında məqalə və monoqrafiya yazılıb, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yeddi cildlik əsərlərinin VI cildində portret-oçerki verilib.
Görkəmli şair 2002-ci ildə dünyasını dəyişib. Fəxri xiyabanda dəfn olunub.

Əlizadə ƏSGƏRLİ,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru