Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Torpaq oyanır

13 Mart 2018
 

Yəqin ki, hər birimiz ata-babalarımızdan bu sözləri eşitmişik: “Elə ki aprel ayının 15-i oldu, daha qışın qorxusu yoxdur. Nə qədər qar yağsa belə, torpaqda yaranan hərarət nəticəsində tez bir zamanda əriyib-gedəcək, şaxtası-sazağı olmayacaq”. Ataların belə bir sözü də var: “Payızdan bir ay qalmış qış, qışdan bir ay qalmış yazdandır”.

Artıq yazın nəfəsi duyulmaqdadır. Birinci və ikinci çərşənbələr arxada qalmışdır. Qarşıdan külək və torpaq çərşənbələri gəlir. Xalqın inamına görə, su, od, yel, torpaq çərşənbələri həyatın, yaranışın səbəbi olan dörd ünsürün rəmzləridir. Məhz onlar baharı gətirirlər. Bahar, Novruz isə təzəlik, gözəllikdir. Novruza Yeni gün də deyirik. Yazın gəlişi ilə təbiət təzə don geyinir, gülə, çiçəyə, yaşıllığa bürünür. İlk olaraq qar çiçəyi torpaqdan baş qaldırır, nərgiz gülü ləçəklənir, açılır. Badam, şaftalı, ərik, alça ağacları çiçəkləyir, bağ-bağat ağ-çəhrayı rəngə boyanır. Uzaq-uzaq ölkələrdən qaranquşlar ölkəmizə pənah gətirir. Çöllərə, düzlərə, dağ yamaclarına yaşıl xalı sərilir. Buz bulaqların gözü yenidən açılır, çaylar coşub çağlayır. Günlər getdikcə uzanır. Torpaqda yaranan hərarət nəticəsində yerdən buğ çıxmağa başlayır. Bütün bunlar insana da təsirsiz ötmür, onun da ruhu təzələnir, damarlarında qan dövranı fəallaşır. İnsan yeni ruhla, təzə arzularla işləməyə, qurub-yaratmağa can atır. Bu əlamətlər özünü kənd adamlarında daha çox büruzə verir. O, öz işini saatla yox, Günəşlə qurmağa, nizamlamağa çalışır. Günəşlə bir oyanır, sahədən isə evinə gün batanda, hava qaralanda qayıdır. Belə bir zaman artıq yenə gəlib çatmışdır. İndi adamlar əkin-səpin işlərinə başlamaq üçün planlarını nəzərdən keçirir, əyər-əskikləri aradan qaldırırlar. Ataların belə bir deyimi də var: “Novruza bir ay qalmış və Novruzdan bir ay keçmiş yağan yağış torpağa məlhəmdir”.
Bəli, Novruza bir ay qalmış qış yuxusundan oyanan torpaq sinəsindəki bitkiləri də cana gətirir. Payızda əkilən buğda, arpa, yonca sahələri, çöllərdəki yabanı otlar, mal-qaranın otlaq sahələrindəki otlar boy atmağa başlayır. Elə bu ərəfədə - fevral ayının 18-20-si arasında Muğana və respublikamızın digər yerlərinə düşən yağıntı torpağa, əkinlərə can verdi, məlhəm oldu. Yeni təsərrüfat ilinin bu cür başlaması bütün kənd adamlarını sevindirdi. Artıq bir neçə gündür ki, onlar taxıl sahələrinə yemləmə gübrəsi verirlər. Bu isə bitkinin boy artımı, məhsuldarlığı üçün ən başlıca şərtlərdəndir. İndi azot verilən sahələr suvarılır ki, gübrənin tərkibindəki maddələr bitkilərin kökünə çata bilsin. Növbəti mərhələdə, yəni taxıl sahələri müəyyən qədər boy atdıqdan sonra herbisidlərlə alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçiriləcək. Bu yaxınlarda alaqlı taxıl sahələrinə görə subsidiyanın verilməyəcəyi haqdakı qərar fermer və mülkiyyətçilərin məsuliyyətini artırmışdır. Bu qərarın da əsası var. Çünki taxılın alağı olduqda, xüsusən də tarlalarda yabanı otlar çox bitdikdə onların toxumları taxıla - dənə qarışıb onun keyfiyyətini aşağı salır, üstəgəl alaq otları məhsuldarlığa mənfi təsir göstərir.
Bu gün kəndli dövlətin ona göstərdiyi diqqət və qayğıdan razıdır. O, torpaq vergisindən başqa, digər bütün növ vergilərdən azaddır, işlətdiyi yanacaq və sürtkü yağları üçün uzun illərdr ki, subsidiya alır. Toxumçuluq, damazlıq işlərinin yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirilir. Kənd təsərrüfatına qabaqcıl texnika və texnologiyaların tətbiqi məqsədilə xarici ölkələrdən ən müasir maşın-mexanizmlər alınıb gətirilib, güzəştli şərtlərlə fermerlərə, sahibkarlara verilir. 2-ci ildir ki, nəinki kənd rayonlarında, hətta regionlardakı şəhərlərdə də kənd təsərrüfatı idarələri fəaliyyət göstərir. Kənd təsərrüfatı kadrlarının hazırlanması sahəsində müsbətə doğru dəyişiklik yaranmışdır. Texniki peşə məktəblərində yeni ixtisas qruplarının yaradılması da mövcud çətinlikləri aradan qaldıracaqdır.
Keçən il pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, çayçılıq sahələrində əldə olunan nailiyyətlər, yüksək göstəricilər əkinçilərin, kənd zəhmətkeşlərinin ürəyincə oldu, onlara yaxşı gəlir gətirdi. Pambıq sahəsində 235 min tondan çox “ağ qızıl” yığıldı. Bu da əvvəlki - 2016-cı ildəkindən 200 min tondan da çoxdur. Bir kiloqram xam pambığın qiymətinin 50 qəpiyə qaldırılması, hər kiloqram üçün 10 qəpik subsidiyanın ödəniləcəyi bu sahədə yaranan geriliyi, ətaləti aradan qaldırmışdır. Odur ki, torpaq mülkiyyətçiləri, fermerlər pambıqçılıqda keçmiş şöhrəti geri qaytarmaq əzmilə çalışırlar. Qeyd edək ki, ötən il ən yüksək göstəriclərə nail olmuş bir qrup kənd təsərrüfatı işçisi dövlət başçısının sərəncamı ilə “Əmək ordeni”nə layiq görülmüşdür.
Qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı qısa zaman kəsiyində aqrar sahənin inkişafına təkan verdi. Keyfiyyətinə, ekoloji cəhətdən sağlamlığına görə məhsullarımız xarici ölkələrin bazarlarında alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. “Made in Azerbaijan” markası ilə ixrac olunan bu məhsullar ölkəmizi beynəlxalq aləmdə tanıtmaq, onun nüfuzunu artırmaqla yanaşı, həm də respublikamıza valyuta gətirir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi idxaldan asılılığı azaltmaq, minimuma endirməklə bərabər, ixraca yaşıl işıq yandırmaq, respublikamızda yeni fabrik və zavodların, istehsal sahələrinin işə düşməsi, on minlərlə adamın məşğulluğunun təmin edilməsi deməkdir. Bakıda, Sumqayıtda, Gəncədə artıq bir neçə ildir, belə müəssisələr fəaliyyət göstərir.
Məqsəd bəlli, yol işıqlıdır. Ölkəmizi daha güclü və qüdrətli etmək. Ulu öndərin sözləri ilə desək, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu gücün, qüdrətin artırılmasında qeyri-neft sektorunun, kənd təsərrüfatı məhsulları istehsalçıları olan fermer və sahibkarların üzərinə mühüm vəzifələr düşür. Onlar da bu məsuliyyəti başa düşərək yazın gəlişi ilə torpağın oyandığı bir vaxtda sahələrə çıxır, bol məhsul üçün möhkəm təməl qoyurlar.

Seyran CAVADOV,
“Azərbaycan”