Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Balakən rayonunun 15 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb

12 Mart 2018
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Balakən rayonunda da mütəşəkkil davam etdirilir. Fevralın 12-də başlanan aksiya çərçivəsində indiyədək 21 minə yaxın rayon sakini tibbi müayinədən keçib. Rayonun 54 yaşayış məntəqəsindən 15-də tibbi müayinələr artıq başa çatıb.

Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Balakən rayonu üzrə 18 yaşdan yuxarı 60 mindən çox insanın tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub. Müayinələrin keçirildiyi rayon mərkəzi və Qabaqçöl qəsəbə xəstəxanalarında, həmçinin 11 kənd həkim məntəqəsində aksiyanın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Həkim briqadaları gün ərzində xəstələri pulsuz müayinədən keçirir, xəstəlik aşkarlandıqda müalicə təyin edirlər.

Əhalinin daha çox üz tutduğu rayon mərkəzi xəstəxanası bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xəstəxananın baş həkimi Dilbər Quliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, indiyədək rayon üzrə müayinədən keçənlərin 1165 nəfərinə ambulator müalicə təyin edilib, 169 nəfər stasionar müalicəyə cəlb olunub, o cümlədən 55 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 66 nəfər Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.