Azərbaycan dünyada yüksək nüfuza malik ölkə kimi qəbul olunur

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan dünyada yüksək nüfuza malik ölkə kimi qəbul olunur

11 Mart 2018
 

Azərbaycanın beynəlxalq subyektin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirməsi ölkəmizin son onillikdə qazandığı mühüm nailiyyətlərdən biridir. Respublikamızın həyata keçirdiyi daxili və xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur.

 

Erməni yalanlarına vurulan sarsıdıcı zərbə

 

Təbii ki, bütün bunlar dünyanın ölkəmizi daha yaxından tanıması, Azərbaycan həqiqətlərinin qəbul edilməsi, o cümlədən Dağlıq Qarabağ danışıqlarında respublikamızın üstün mövqeyinin təmin olunması baxımından vacib amildir. Çünki bu gün Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən biri ərazi bütövlüyümüzün bərpa olunmasına xidmət edən beynəlxalq fəaliyyətin həyata keçirilməsidir. Ona görə Ermənistanın dünyada işğalçı kimi tanınması, Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq ictimaiyyətə dərindən çatdırılması ölkəmizin xarici siyasətinin həyata keçirilməsində iştirak edən bütün subyektlərin vəzifə və tapşırıqları sırasında prioritet yer tutur.
Xarici siyasətdə hücum strategiyasını müəyyən edən ölkə rəhbərliyi həm də erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub. Bu istiqamətdə atılan təsirli addımların nəticəsidir ki, Ermənistanın hərbi təcavüzü şəraitində Azərbaycanın ümumi inkişafı və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınır və yalanları ifşa olunur. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə, Azərbaycan həqiqətləri siyasi-ictimai dairələrə sirayət edir.
Son olaraq Xocalı soyqırımının 26-cı ildönümündə, o cümlədən Sumqayıt hadisələri ilə bağlı dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilən tədbirlər göstərdi ki, erməni yalanlarının qarşısı sürətlə alınır. Xüsusən ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri - Pensilvaniya ştatından konqresmen Bill Şuster (respublikaçı) və Tennessidən Stiv Kohenin (demokrat) 20 Yanvar faciəsinin 28-ci və Xocalı qətliamının 26-cı ildönümü ilə bağlı ayrı-ayrılıqda bəyanatlarla çıxış etmələri, o cümlədən digər demokrat konqresmen, Nyu Cersi ştatını təmsil edən Donald Peynin bəyanatı göstərdi ki, artıq erməni yalanlarına heç kim inanmaq istəmir.

 

Müstəqil siyasətin uğurları

 

Beynəlxalq münasibətlər sistemində baş qaldıran təbəddülatlar, dünyanı cənginə alan maliyyə-iqtisadi böhran, enerji təhlükəsizliyi məsələlərinin getdikcə daha aktual şəkil alması, sivilizasiyalararası dialoqun təhdidi məlum dövlətləri həyata keçirdikləri siyasətə yenidən baxmağa vadar edir. Mövcud reallıqlar göstərir ki, bir sıra dövlətlər dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq, ümumiyyətlə, nəinki müstəqil xarici, hətta daxili siyasət belə həyata keçirə bilməkdən məhrumdurlar. Həmin ölkələr öz siyasətlərini kənar təsirlərlə uzlaşdırmaq, müəyyən diktələri qəbul etmək məcburiyyətindədirlər. Onların siyasi hakimiyyətlərinin həm beynəlxalq məsələlərlə bağlı baxışları, həm də daxili həyata hesablanmış addımları mütləq vassallığında olduqları dövlətlərlə razılaşdırılır. Xüsusən Ermənistanın beynəlxalq əməkdaşlığı kənar dövlətlərlə, hətta xaricdəki diaspor təşkilatları ilə razılaşdırmadan həyata keçirməsinin mümkünsüzlüyü, daxili iqtisadiyyatın aparıcı sahələrinin, energetika sektorunun tamamilə xarici investorlardan asılı vəziyyətə düşməsi bu ölkənin müstəqil siyasətinin olmamasını təsdiqləyən faktorlardır.
Məsələyə bu kontekstdən yanaşsaq, əminliklə deyə bilərik ki, regionun lider dövləti olan Azərbaycan həm də tam müstəqil siyasət yeridən, öz taleyini özü müəyyənləşdirən dövlətdir. Digər tərəfdən, Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycan həm Avropa, həm də Asiya dövlətləri və təşkilatları ilə müstəqil, ən əsası, milli maraqlarımıza xidmət göstərən əməkdaşlıq edir. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki təşkilat da Azərbaycan torpaqlarının işğalını pisləyən və Ermənistan qoşunlarının respublikamızın ərazilərindən çıxarılmasını tələb edən müvafiq sənədlər qəbul ediblər.
Bu, doğrudan da nadir bir vəziyyətdir. Çünki dünyada hər iki təşkilata üzv olan ölkələrin sayı o qədər də çox deyil və hər iki təşkilatda rəğbət, dəstək qazanmaq, əlbəttə ki, bizim böyük uğurumuzdur. Biz bunu səmimi siyasətimizə görə qazanmışıq. Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmiz heç vaxt kiminsə xoşuna gəlmək üçün hər hansısa addım atmır və daim prinsipial mövqe nümayiş etdirir. Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurur. Nəinki qurur, o cümlədən inkişaf etdirir, keyfiyyətcə yeni mərhələyə qaldırır. Bu münasibətlər bəzi ölkələrlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmizin BMT, Avropa Şurası, İƏT, NATO və ATƏT kimi beynəlxalq təşkilatlarla sıx qarşılıqlı münasibətləri var. Bu qurumlarla qarşılıqlı əməkdaşlıq münasibətləri müxtəlif sahələri əhatə edir. Bu əlaqələr və qarşılıqlı faydalı münasibətlər həm də regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir. Azərbaycan Ordusunun bölmələri ayrı-ayrı ölkələrdə sülhün və əmin-amanlığın təmin olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla mübarizədə sözlərini deyirlər.

 

Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə həyata keçirilə bilməz

 

Respublikamız həm də Cənubi Qafqaz regionunda sabitləşdirici rol oynayan dövlət, Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi və enerji layihələrin təşəbbüsçüsü və təşkilatçısı kimi çox böyük nüfuz, etibar qazanıb. Ölkəmizin qətiyyətli mövqeyi Cənubi Qafqazda hər hansı taleyüklü məsələnin həllində, transmilli layihənin reallaşmasında Azərbaycanın iştirakı və razılığı olmadan konkret nəticəyə gəlinməsini mümkünsüz edir.
İndiyədək Cənubi Qafqazı əhatə edən hər bir layihənin taleyi Azərbaycanın bölgədəki əvəzolunmaz yerindən və rolundan xəbər verir. Bunu xüsusən tək Azərbaycanın deyil, Orta Asiya dövlətlərinin də karbohidrogen ehtyatlarını dünya bazarlarına çıxaran enerji layihələrinin həyata keçirilməsi göstərir. Zaman Azərbaycanın bu təşəbbüslərinin nə qədər düzgün olduğunu təsdiq edir. Çünki bu gün dünya siyasətinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir.
Təsadüfi deyil ki, çağdaş dünyamızda baş verən müharibələr, ekoloji və humanitar fəlakətlər, enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması ayrı-ayrı dövlətlərdən enerji təhlükəsizliyi üçün daha ciddi düşünməyi, xüsusən alternativ nəql sistemlərinin yaradılması istiqamətində əməli hərəkətə keçməyi tələb edir. Bu baxımdan zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın neft-qaz marşrutlarının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri də alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edir. Digər tərəfdən, Azərbaycan rəhbərliyi neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, xüsusən bu sahədə müxtəlif layihələr üzərində baş sındıran Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib.
Son illər bu istiqamətdə baş verən və gələcəkdə Avropanın enerji xəritəsinə ciddi korrektələr edəcək hadisələr Azərbaycanın enerji siyasətinin böyük uğurları olmaqla yanaşı, həm də onu təsdiq edır ki, ölkəmizin iştirakı olmadan bölgədə hər hansı transmilli layihə həyata keçirilə bilməz. Bu, təkcə coğrafi mövqeyə görə deyil, ən çox beynəlxalq birliyin hörmətli üzvü olduğumuza görədir.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının başa çatdırılmasından sonra “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi enerji məsələlərində Azərbaycanın mühüm siyasi-diplomatik uğurudur. Bu uğur Azərbaycanın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi ilə yanaşı, hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir. Layihənin icrası isə vaxtından tez başa çatdırılacaq. Bununla da Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edəcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Ümumiyyətlə, bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər. Bu layihənin əsas investoru isə Azərbaycandır. Beləliklə, bu layihə imkan verəcək ki, Azərbaycan zəngin qaz resurslarını bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdırsın.
Beynəlxalq miqyasda hər bir ölkənin inkişaf səviyyəsini, nüfuzunu, dünyada qazandığı etimadı və digər bu kimi əsas xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Təbii ki, hər ölkə dünya birliyinin bir subyekti olaraq həm özünün milli maraqlarına cavab verən, həm də müstəqil siyasət həyata keçirmək istəyir. Bu mənada yuxarıda qeyd olunanlar təsdiq edir ki, Azərbaycan tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yeridir. Və bu siyasətin uğurlu nəticələrindən biri Azərbaycanın beynəlxalq müsbət imicinin sürətlə yüksəlməsidir. Ona görə Azərbaycan indi dünyada yüksək nüfuza malik ölkə kimi qəbul olunur.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”