Ağır atletikanın infrastrukturu inkişaf edir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağır atletikanın infrastrukturu inkişaf edir

11 Mart 2018
 

İdmanın inkişafında mühüm məsələlərdən biri bu sahədə normal infrastrukturun yaradılmasıdır. Təsadüfi deyil ki, respublikamızda həyata keçirilən idman siyasətinin xarakterik göstəricilərindən biri yeni idman komplekslərinin, məşq zallarının və stadionların istifadəyə verilməsidir. Ötən 15 ildə ölkəmizdə 40-dan artıq olimpiya idman kompleksinin, onlarla digər idman qurğusunun, məşq zallarının, stadionların tikintisi, o cümlədən mövcud infrastrukturun bərpası bunun bariz təcəssümüdür. 

Məsələnin diqqəti çəkən mühüm tərəflərindən biri isə ölkəmizdə idmanın ayrı-ayrı növləri üzrə ixtisaslaşdırılmış idman qurğularının yaradılmasıdır. Bu sırada son illərdə ağır atletika üzrə komplekslərin, məşq zallarının istifadəyə verilməsi olduqca təqdirəlayiq addımlardır. Ağır atletika idmanın spesifik növüdür. Azərbaycanda isə ağır atletikanın tarixi ənənələri var. Düzdür, son illərdə ölkəmizdə bu idman növü ilə bağlı xoşagəlməz hadisələr baş versə də, artıq bütün problemlər arxada qalıb. Azərbaycan Ağır Atletika Federasiyasında başladılan yeni islahatlar, yeni vitse-prezidentlərin seçilməsi, bütün yaş qrupları üzrə milli komandaların cavan, perspektivli məşqçilər korpusuna həvalə olunması ağır atletikanın inkişafında yeni mərhələnin əsasını qoyub. Son illərdə yeniyetmə ağırlıqqaldıranlarımızın Kosovoda və Polşanın Novı Tomısl şəhərində keçirilən Avropa birinciliklərində, İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatında, Tailandda keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyində və digər yarışlarda qazandıqları uğurlar deyilənləri təsdiq edir. Bu nailiyyətlər milli komandamızın perspektivdəki qələbələrindən xəbər verir. Ən əsası isə odur ki, atletlərimizin son illərdə beynəlxalq yarışlardakı çıxışları göstərdi ki, dopinqsiz də uğur qazanmaq mümkündür. Bütün bu məsələlər federasiyanın prezidenti Cahangir Əsgərovun ciddi nəzarətindədir. Onun rəhbərliyi və təşəbbüsü ilə federasiyanın son dövrlərdə gördüyü işlər öz uğurlu nəticəsini verməkdədir.
Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının islahatlar çərçivəsində diqqət yetirdiyi mühüm məsələlərdən biri infrastruktur şəbəkəsinin genişləndirilməsidir. Artıq indiyə kimi xüsusən bölgələrdə bir neçə idman zalı istifadəyə verilib. Martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə Bakıda və Sumqayıtda növbəti universal ağır atletika komplekslərinin açılışı göstərdi ki, bu proses davamlıdır və
AAAF qarşıya qoyduğu vəzifələri layiqincə reallaşdırır, ölkədə həyata keçirilən idman siyasətinə böyük dəstək verir. İlk olaraq Sumqayıtda Heydər Əliyev prospekti, 18-ci məhəllə, 37A ünvanında yerləşən kompleksin açılış mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın rəyasət heyətinin üzvləri, idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bu kompleksdə eyni anda 50-yə yaxın ağır atlet və digər güc idman növləri - bodibildinq, pauerliftinq, krossfit və başqa idmançıların məşq etmək, yarışlara yüksək səviyyədə hazırlaşmaq imkanı var. Kompleksdə paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.
Daha sonra Bakıdakı kompleksin açılış mərasimi keçirildi. “Zirvə” Beynəlxalq İdman Klubu və Azərbaycan Ağır Atletika Federasiyasının birgə layihəsi olan bu kompleks paytaxtın Azadlıq prospekti, 154 ünvanında fəaliyyət göstərir. Açılış mərasimində AAAF-ın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərov iştirak edirdilər. Qırmızı lent kəsildikdən sonra federasiya rəsmiləri burada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, kompleksdə ağır atletika, bodibildinq, pauerliftinq, krossfit və fitneslə məşğul olmaq üçün bütün şərait yaradılıb. Məkanda gün ərzində 500-ə yaxın idmançının peşəkar məşqetmə imkanı var. Kompleks müasir avadanlıqlarla təchiz olunub, hər idman növünə fərdi yanaşma tətbiq edilib. Burada tanınmış idmançılar, müxtəlif güc idman növlərində uğur qazanmış atletlər, təcrübəli həkim və masajçılar, məşqçilər çalışacaqlar.
Ölkəmizdə ağır atletikanın inkişafı istiqamətində aparılan işlər barədə qəzetimizə açıqlama verən Tofiq Heydərov dedi: “Azərbaycan Ağır Atletika Federasiyası hər il 20-yə yaxın ağır atletika zal və komplekslərinin açılışını, təmir-bərpa işlərini həyata keçirir. 2017-ci ildə Qobustan şəhərində yerləşən mərkəzi ağır atletika zalı, “Spartak” Könüllü İdman Cəmiyyətinin Ramanada yerləşən zalı, “Təhsil” Respublika İdman Mərkəzinin 1 N-li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika zalı, Mərkəzi Ordu İdman Klubunun bazasındakı ağır atletika zalı, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika zalı və digərlərində əsaslı təmir-bərpa işləri aparılıb, avandanlıqlar yenilənib, məşq üçün maksimal şərait yaradılıb. Təbii ki, bu işdə “Zirvə” Beynəlxalq İdman Klubu yaxından iştirak edir. Klubumuz tərəfindən son illər bir neçə idman zalı yaradılıb. Məsələn, Astara şəhərindəki AAAF Park Yaşayış Kompleksində yerləşən ağır atletika üzrə yeni təlim-məşq bazası olduqca möhtəşəm kompleksdir. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin müasir avadanlıqlarla təchiz edilmiş geniş AAAF fitnes zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib. Bu il ərzində isə ümumilikdə 10-a yaxın yeni ağır atletika zalını istifadəyə verməyi nəzərdə tuturuq”.
Tofiq Heydərov onu da bildirdi ki, insanlar arasında sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, idmançıların məşq və hazırlıq şəraitinin yaxşılaşdırılması işi davamlıdır. Cari və növbəti illər ərzində Azərbaycan Ağır Atletika Federasiyası yeni idman kompleksləri istifadəyə verməyi nəzərdə tutur.
Göründüyü kimi, Azərbaycanda idmanın ağır atletik növünün infrastrukturu sürətlə inkişaf etdirilir. Diqqəti çəkən digər mühüm məsələ isə ayrı-ayrı idman klublarının bu işdə dövlət siyasətinə verdikləri dəstəkdir. Bu sahədə “Zirvə” Beynəlxalq İdman Klubunun fəaliyyəti xüsusən təqdirəlayiqdir. Klub idmanın, əsasən də dayaq idman növü olan ağır atletikanın elmi əsaslar üzərində inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi, eyni zamanda dövlətimizin idmana qayğı siyasətinə öz dəstəyini vermək məqsədilə yaradılıb. Qısa müddətdə ölkəmizdə ağır atletikanın inkişafına böyük töhfələr verən klubun sıralarından ötən 12 ildə neçə-neçə gənc və yeniyetmə Avropa və dünya çempionları çıxıb. Hazırda “Zirvə” Beynəlxalq İdman Klubu qarşıya qoyulan məqsədə - ölkəmizdə idmanın inkişafına layiqincə xidmət edir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”