Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şamaxı: kütləvi tibbi müayinə çərçivəsində 29 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb

09 Mart 2018
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində, o cümlədən Şamaxı rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar keçirilən aksiya davam edir.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 103 min 900 nəfər, o cümlədən 18 yaşdan yuxarı 71 min 545 nəfər əhalisi olan Şamaxıda indiyədək 14 min 507 nəfər tibbi müayinədən keçib. Müayinə olunanlardan 2 min 323 nəfəri ambulator, 56 nəfəri stasionar müalicəyə cəlb edilib, 29 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 45 nəfər ixtisaslaşdırılan tibb müəssisələrinə göndərilib. Əhalisi tibbi müayinəyə cəlb edilən 63 yaşayış məntəqəsindən 6-da, habelə 41 təşkilat və kollektivdə bu humanist aksiya başa çatıb.

Tibbi müayinəyə gələn 70 yaşlı Şamaxı sakini Vahid Əliyev AZƏRTAC-ın müxbirinə deyib: “Hərtərəfli tibbi müayinə hamı üçün, xüsusilə biz yaşlı sakinlər üçün çox vacibdir. Bu gün ayrı-ayrı ixtisasdan olan həkimlərin müayinəsindən keçdim. Lazımi məsləhətlər aldım. Sağlamlığımıza göstərdiyi diqqət və qayğıya görə bu xeyirxah aksiyanın təşəbbüskarı olan Prezidentimizə minnətdaram”.