Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məntiq olimpiadasının qalibləri mükafatlandırılıblar

09 Mart 2018
Martın 9-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV-lərin təmsilçiləri iştirak ediblər.

BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə əvvəlcə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb.

Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək, məktəblilər arasında məntiqə olan marağı artırmaq istiqamətində müvafiq addımlar atıldığını bildirib.

M.Vəliyeva V-VI sinif şagirdləri arasında artıq ikinci dəfədir ki, təşkil olunan Lütfi Zadə adına Məntiq Olimpiadasının məktəblilər tərəfindən maraqla qarşılandığını söyləyib. Olimpiadanın final mərhələsində 1.859 şagirdin iştirak etdiyini deyən idarə müdiri onlardan 59-nun finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşdüyünü, 842 şagirdin isə 50-80 faiz arasında nəticə göstərərək olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görüldüyünü qeyd edib.

Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.